AZ

Dini Komitə ehsanla bağlı öz mövqeyiniqoydu, qaldı QMİ...


Tural İrfan: “...Qafqaz Müsəlmanları İdarəsi bütün işlərə könülsüz yanaşır”

Son dövrlərdə respublikanın müxtəlif şəhər və rayonlarında yas mərasimlərinin daha sadə formada təşkili ilə əlaqədar yerli ictimaiyyət nümayəndələri, xüsusilə də ziyalılar, ağsaqqallar və digər nüfuzlu şəxslər tərəfindən təşəbbüslər irəli sürülür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu təşəbbüslər ilk növbədə cəmiyyətdə təmtəraqlı yas məclislərinin və həmin mərasimlərdə israfçılığın qarşısının alınmasına yönəlib.

Bildirilib ki, yas mərasimlərinin keçirilməsi hər hansı normativ-hüquqi aktla tənzimlənmir, eyni zamanda, bununla bağlı Dövlət Komitəsinin üzərinə düşən konkret səlahiyyətlər yoxdur: “Mərasimlərin keçirilməsi, əsasən, xalqın uzun illər ərzində formalaşmış adət-ənənələri və yerli ictimai təcrübəyə əsaslanır. Yas mərasimlərinin təşkili ilə bağlı yaranmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun əldə olunması zəruridir.

Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin keçirilməsinin qarşısının alınması istiqamətində irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir”.

Dini Komitənin bu açıqlaması yas mərasimlərinin sadələşdirilməsi prosesinə necə təsir edəcək? QMİ özü üçün burdan nə nəticə çıxaracaq, yaxud çıxarmalıdır?

“...Həmişə olduğu kimi bunun əleyhinə getdi”

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmtəraqlı, dəbdəbəli, israfçı yas mərasimlərinin, ehsanların ləğv edilməsi, yaxud sadələşdirilməsini dəstəkləməsi əhali tərəfindən müsbət qarşılanır və hətta camaat razılıq edir: “Çünki əhali özü əziyyət çəkir, borca düşür, yorulur, bezirdi. Amma qınaqdan çəkinib bunu dözülməz adət kimi, dinin tələbi kimi məcbur icra edirdi. Lakin artıq bu haqda ağsaqqallar, ziyalılar, din xadimləri təbliğat aparır və ehsan ləğv olunur. Qafqaz Müsəlmanları İdarəsi isə, həmişə olduğu kimi, bunun əleyhinə getdi. Çünki bunda maraqlıdırlar. İdarənin böyüklərinin birbaşa, yaxud dolayı yollarla açdığı, icarəyə verdiyi yas mərasim evləri var. Burada növbənöv menyular təqdim olunur, əsasən varlı, imkanlı adamlar yas verir. Eyni zamanda QMİ-nin təyin etmiş olduğu din xadimləri və qazılar həmin ehsan məclislərindən xeyir götürürdülər. Və Qafqaz Müsəlmanları İdarəsi xaricdəki müctəhid təbəqəsinə bağlı olduğu üçün, əsasən İranın Ali dini liderini təqlid etdikləri üçün onların rəyi olmadan hansısa ənənəvi qaydanı dəyişmək yönündə islahatda fəal iştirakdan çəkinirlər. "Ağa" deyə pərəstiş etdikləri İraq və İrandakı siyasi-dini liderlərin fətva vermədiyi bütün işlərə Qafqaz Müsəlmanları İdarəsi könülsüz yanaşır”.

T.İrfan qeyd edir ki, həmişə Rusiya və İran öz maraqlarını bu idarənin əli ilə həyata keçirmək istəyib və bu idarənin əməkdaşları özlərini toxunulmaz sayırlar. “İranın təsirindən çıxa bilmirlər. Bu idarədə islahat olmasa, daima dini duruma problem yaradacaq, xarici təsirlərə uyaraq inanclı cəmiyyəti çaşdırmaqda davam edəcək. Əvvəldən də demişəm, bu idarə ölkədə dini vəziyyəti düzəltməyə xidmət etmir, korlamağa xidmət edir. Halbuki, xalqı xurafatın, təmtəraqlı yas mərasimlərinin ləğv edilməsi kimi işlərə təşviq etmək, təbliğat aparmaq birbaşa bu idarənin məsuliyyəti və borcu idi. Amma daha da bunun əksinə təbliğat apardılar. Əksinə, dəbdəbəli ehsanlar üçün mərasim evləri açır, bahalı yas menyuları təqdim edirlər. Bu qədər özbaşınalıq edən ikinci bir idarə təsəvvür etmək mümkün deyil”-deyə T.İrfan bildirdi.

İradə SARIYEVA

Seçilən
51
baki-xeber.com

1Mənbələr