Şəmsəddin Əliyev: “Polisin sosial müdafiəsi o qədər yaxşı olmalıdır ki, o öz yaşayışını təmin edə bilsin, eyni zamanda…”
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisin fəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Polis haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə qeyd edilənvəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.
“Polisin sosial müdafiəsinə yönələn addım təqdir olunmalıdır, bu qərar yalnız onların sosial müdafiəsinə yox, həm də cinayətkarlıqla mübarizədə öz səmərəsini verəcək”
Polisin sosial müdafiəsinin gücləndirilməsinin əhəmiyyəti haqqında danışan "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uzun illərdir Azərbaycan polisi iqtisadi bazaya uyğun əmək haqqı ilə təmin edilmir: “Bunu bəzən polisin şəxsi heyətinin digər dövlət qurumlarından çox olması ilə əlaqələndirirlər. Ancaq bu düzgün deyil. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyətində polis heyətinin sayı çoxdur. Mən deyərdim ki, Azərbaycanpolisinin sosial müdafiəsi digər ölkələrdən 4-7 dəfə aşağıdır. Polisin sosial müdafiəsinə yönələn addım təqdir olunmalıdır, bu qərar yalnız onların sosial müdafiəsinə yox, həm də cinayətkarlıqla mübarizədə öz səmərəsini verəcək. Xatırladım ki, Ulu öndər Heydər Əliyev Şəhidlər Xiyabanını ziyarət edərkən üzünü polis əməkdaşlarlına tutub “mən polisin əmək haqqısını o qədər artıracam ki, onun gözü digərlərinin əlində və cibində olmasın” sözlərini demişdi. Bu sitata hörmət və ehtiram bəsləmək lazımdır.Polisin sosial müdafiəsi o qədər yaxşı olmalıdır ki, o öz yaşayışını təmin edə bilsin, eyni zamanda, mənzil şəraitinin yaxşılaşdırılması sahəsində də addım ata bilsin. Əgər mayor rütbəli polis zabitinin ailəsində iki uşaq ödənişli təhsil müəssisələrində təhsil alırsa, 5 faizlik artım onlara kömək edərmi? Mayor rütbəsində olanlar təxminən 1000-1100 manat əmək haqqı alır. Həmin maaşdan da xərclər çıxıldıqdan sonra onun əlində 900-950 manat qalır. Polis bu məbləğlə həm iki uşağın təhsil haqqını ödəməli, həm də yaşayışını təmin etməlidir. Mən təklif edirəm ki, polis əməkdaşları dövlət tərəfindən mənzillə təmin olunsun. Belə olarsa polis öz işinə daha ürəklə yanaşacaq. Bütün bunlara rəğmən polis öz missiyasını, vətənə xidməti layiqli şəkildə həyata keçirir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Birinci Qarabağ müharibəsi dövründə Milli Ordu tam formalaşmamışdı. O zaman Azərbaycan həm daxildə cinayətkarlıqla mübarizə aparırdı, həm də erməni nasistləri ilə döyüşürdü: “Xatırladım ki, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. İkinci Qarabağ müharibəsində isə 4 nəfər Vətən Müharibəsi qəhrəmanı adına layiq görülüb. 87 nəfər Azərbaycan Bayrağı və digər nişanlarla təltif edilib. Bu, Azərbaycan polisinin öz peşəsinə sədaqətinin bariz nümunəsidir. Polis bu gün də o ruhda davranacaq, öz fəaliyyətini davam etdirəcək. Baş verən bütün hadisələrdə polis ilk olaraq orda olur, fors-major hallarda belə polis öz vəzifəsini layiqli şəkildə icra edir. Polis Azərbaycan dövlətinin bir zümrəsidir, vətəndaşıdır. Polisin xidmətinin fərqində olmaq lazımdır. Onların narahat gecələrini, öz missiyalarını necə şərəflə icra etdiyini görmək, hiss etmək lazımdır. Azərbaycan polisinin rifah halı niyə Avropa polisindən zəif olmalıdır?”.
Günel CƏLİLOVA