Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə (audit) hesabatını açıqlaması üçün müəyyən edilmiş müddət başa çatsa da, dövlətə məxsus “Aqrarkredit” QSC BOKT hələ də 2024-cü ilin hesabatını verməyib...
Poliqon Yurd.Media-ya istinadən xəbər verir ki, kredit təşkilatının internet səhifəsində sonuncu dəfə 2023-cü ilin hesabatı yerləşdirilib.
Gecikmə “Aqrarkredit”ə uzun illər sədrlik etmiş Məmməd Musayevin bu ilin aprel ayında vəzifəsindən kənarlaşdırılması, onun yerinə İlham Kələşovun təyin olunması fonunda baş verir. Hazırda dövlət BOKT-u bu sektorda hesabat verməkdən yayınan yeganə bazar iştirakçısıdır.
Xatırladaq ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 20-ci maddəsinin 2-ci bəndinə əsasən, BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.
Poliqon.info