AZ

OpenAI 500 milyard dollar qiymətləndirmə ilə səhmlərini satışa çıxarır

Finss.az - ABŞ-ın süni intellekt nəhəngi OpenAI, şirkətin dəyərini 500 milyard dollar səviyyəsində qiymətləndirən yeni səhmlərin satışı üzrə Thrive Capital və digər investorlarla danışıqlar aparır.

Bu barədə Financial Times məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, OpenAI hazırkı və keçmiş əməkdaşlarının səhmlərini satmasına imkan verəcək ikincil səhmlərin satışını həyata keçirməyi planlaşdırır. Satışın həcmi bazardakı investor marağından asılı olaraq dəyişəcək. Şirkətin dəyəri hələ rəsmi şəkildə təsdiqlənməyib.

Mənbələrdən biri bildirib ki, bu dəfəki əməliyyatın həcmi, 2024-cü ilin sonunda baş tutan və 1,5 milyard dollar dəyərində səhmlərin satışı ilə nəticələnmiş oxşar razılaşmadan daha böyük ola bilər.

Eyni zamanda, OpenAI, Yaponiya texnologiya nəhəngi SoftBankın rəhbərlik etdiyi 40 milyard dollarlıq son investisiya raundu çərçivəsində yeni maliyyə vəsaiti cəlb etməkdə davam edir. Həmin raund çərçivəsində şirkət 300 milyard dollar dəyərində qiymətləndirilmişdi.

Hazırda dünyanın ən yüksək dəyərə malik özəl texnologiya şirkəti SpaceX hesab olunur. Şirkətin dəyəri son qiymətləndirməyə əsasən 400 milyard dollar təşkil edir.

Seçilən
9
fins.az

1Mənbələr