AZ

"Xaliq Faiqoğlu" ƏDV-nin ləğvi ilə bağlı doğru yoldadır?..


“Xaliq Faiqoğlu” MMC hansı maraqla müştərilərə zərərlə işləyərək xidmət göstərir?!

Uzun illərdir Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən və bu sahədə ən böyük özəl daşıyıcı şirkət olan “Xaliq Faiqoğlu” MMC-nin idarə heyətinin sədri Faiq Seyidov mətbuata müsahibəsində iddia edir ki, rəhbərlik etdiyi sərnişindaşıma şirkəti artıq 5 ildir zərərlə işləyir.

Faiq Seyidovun sözlərinə görə, gündəlik təxminən 300 minə yaxın sərnişinə xidmət göstərən bir şırkət 2021-ci ildə 5,259,699 manat, 2022-ci ildə 3,102,704 manat, 2023-cü ildə 3,571,842 manat, 2024-cü ildə 3,894,350 manat xalis zərərlə işləyib və bu il də ötənilki zərərin təkrarlanacağı gözləniləndir. Yəqin ki, şirkət əvvəlki illərdə də bu cür "zərərlə işləyib". Belə olan halda sual yaranır, bazar iqtisadiyyatı şəraitində zərərlə fəaliyyət göstərən şirkət nədən müflisləşmiş elan edilib, fəaliyyətini dayandırmır? F.Seyidov onlara kredit verən bank və onların fəaliyyətini dəstəkləyən şirkətlərin adını çəkir. Həmin bank və şirkətin zərərlə işləyən özəl bir quruma dəstək verməsində maraq nədən ibarətdir? Bazar iqtisadiyyatı şəraitində rəqabətə davam gətirməyib zərərlə işləyən şirkətlər müflisləşərək sıradan çıxır, onun yerini isə daha səmərəli fəaliyyət göstərən şirkətlər tutur. Bu baxımdan “Xaliq Faiqoğlu” MMC beş il əvvəl müfluşləşərək bağlanmalı idi. Amma bu şirkət hələ də fəaliyyət göstərir, üstəlik də dövlətdən güzəşt istəyir.

Əslində real mənzərə tamamilə başqa konfiqurasiyaya malikdir: ya “Xaliq Faiqoğlu” MMC reallıqda mənfəətlə işləyir, lakin ikili mühasibatlıq nəticəsində hesabatlarda şirkət zərərlə işləyən kimi göstərilir ki, dövlətdən güzəştlər, subsidiya, ssuda və ya dotasiya qopara bilsin, ya da Faiq Seyidovun eyni məqsədlə səsləndirdiyi rəqəmlər ümumiyyətlə həqiqəti əks etdirmir. Biz axı şirkətin daxili maliyyə mənzərəsindən xəbərsizik.

Şirkət rəhbərinin elektriklə çalışan mühərriklərə malik avtobusların ölkəyə idxalının stimullaşdırılması ilə bağlı səsləndirdiyi təklifə gəldikdə, onunla razılaşmaq olar. Çünki Bakı nəqliyyatın sıx olduğu şəhərdir, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün elektrik mühərrikli avtobusların ölkəyə idxalını bu yolla stimullaşdırmaq məqsədəuyğundur. Bu tip avtobuslar dünyada hələ də baha qiymətə satılır. Ona görə də elektriklə çalışan avtobusların idxalına ƏDV və digər rüsumların tətbiq edilməsi daşıyıcı şirkətlərin bu növ avtobuslara olan marağını azalda bilər. Elektrik mühərrikli avtomobillərin qiyməti dünya bazarında sürətlə ucuzlaşmaqdadır. Bir neçə ildən sonra elektriklə işləyən avtobuslar da ucuzlaşaraq yanacaq mühərrikli avtobuslardan daha sərfəli qiymətə satılacaq. Həmin vaxt sahibkarlar elektriklə çalışan avtobusları idxal etməkdə daha maraqlı olacaqlar. Amma nə qədər ki, elektrik mühərrikli avtobusların qiyməti yanacaqla çalışan avtobusların qiymətindən bahadır, elektriklə çalışan avtobuslarının idxalını stimullaşdırmaq vacibdur.

Fikrimizcə, şəhərdə sərnişindaşıma nələqliyyatında tariflər leqallaşdırılmalı və daşıyıcı şirkətlərə hər cür dövlət güzəştləri və dəstəyi aradan qaldırılmalı, bu sahədə kəskin rəqabət mühiti formalaşdırılmalıdır. Yəni sərnişin nəqliyyatında sosial tariflər aradan qaldırılmalıdır. Bununla yanaşı, indiyə qədər daşıyıcı şırkətlərə verilən dotasiya və güzəştlərə çəkilən xərclər əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsinə tətbiq edilən güzəştlərə yönəldilməlidir. Yəni biz büdcədən şirkətlərə verdiyimiz vəsaiti vətəndaşlarımıza verməliyik ki, qoy şirkətlər o vəsaiti vətəndaşdan əldə etmək üçun rəqabət aparsın.

Ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində çalışan özəl və dövlət şirkətlərinə ssuda və subsidiya verilməsinə son qoyub, onların xidmətlərinin tariflərini leqallaşdırmaq və artan qiymətlərdən vətəndaşları müdafiə etmək məqşədi ilə onların gəlirlərini artırmaq lazımdır. Başqa sözlə desək, xidmət şirkətlərinə xərclənən büdcə vəsaitlərini müxtəlif yollarla vətəndaşlar arasında bölüşdürmək daha çox səmərə verər.

Məsələn, şəhər sərnişindaşımalarında qiymətlərin tənzimlənməsini aradan qaldırırıq və elan edirik ki, gediş haqlarını şirkətlər özü müəyyən edəcək. Ardınca bu sahəyə marağı olan bütün şırkətlər xidmətə cəlb edilir. Eyni istiqamətlərdə olan marşrutlarda bir neçə şirkətin fəaliyyət göstərərək rəqabət aparması təmin edilir. Nəticədə ədalətli qiymət formalaşacaq. Əgər görsək ki, əhalinin sosial müdafiəyə ehtiyacı olan hissəsi və ya bütün əhali artan qiymətləri qarşılaya bilmir, onda vətəndaşlara gediş haqqına görə kompensasiya verilə, məvacibləri artırıla və ya güzəştlər tətbiq edilə bilər. Yəni əhalini artan qiymətlərdən müdafiə etmək üçün hazırda büdcədən şirkətlərə ayrılan vəsaitlə əhalinin gəlirlərini artırmalıyıq. Bu yolla biz bazarda azad rəqabəti və onun vasitəsilə ədalətli qiyməti formalaşdıra bilərik. Belə olan halda heç bir şırkət nə gəlirlərin azlığından, nə də "zərərlə işlədiyindən" şikayətlənməyəcək.

Akif NƏSİRLİ

Seçilən
13
baki-xeber.com

1Mənbələr