Biz söz və məlumat azadlığının bərqərar olduğu bir ölkədə yaşayırıq. Amma bu o demək deyil ki, media orqanları söz azadlığından geninə-boluna sui-istifadə etməlidirlər, yaxud edə bilərlər.
Media orqanları da, jurnalistlər də söz azadlığından aşırı istifadə etməməlidir ki, nəticədə ortaya tamamilə başqa bir mənzərə çıxsın. Çox təəssüflər olsun ki, hələ də ölkəmizdə bəzi saytların qanunazidd, peşə prinsipləri əleyhinə addımlarının şahidi oluruq. Xüsusən də yazılara, xəbərlərə, şərhlərə, müsahibələrə qoyulan başlıqlara baxmaq kifayətdir ki, bu barədə aydın təsəvvürün olsun.
Ümumiyyətlə, yazı başlıqları bizim medianın yaralı yeridir və tez-tez bu məsələ geniş müzakirə olunur. Təbii ki, hər bir media orqanının özünün yazı başlığı siyasəti olmalıdır. Ümumiyyətlə, yazıya marağın başlıqdan başlandığını nəzərə alsaq, gərək redaktor yazıya elə başlıq qoysun ki, həm yazının məzmununa uyğun gəlsin, həm oxucunu cəlb etsin, həm də şişirtmədən, yalan-palandan uzaq olsun, gerçəyi əks etdirsin.
Yanıldıcı, aldadıcı, “şok” başlıqlardan oxucunun təngə gəldiyi məlumdur. Çox təəssüflər olsun ki, ölkəmizdə təqdim etdikləri yazılara, xəbərlərə yanıldıcı başlıqlar qoyanxeyli sayda xəbər saytları, Yotube kanalları mövcuddur. Onların çoxu aktiv fəaliyyət göstərir. Söz yox ki, hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var və mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə, dediyimiz kimi, yazılara qoyulan uğurlu və ya uğursuz, doğru və ya aldadıcı başlıqlardır. Məlumdur ki, sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün bəzi saytlarda gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik. Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur, amma xəbəri açırsan və görürsən ki, başlıqla mətn arasında heç bir əlaqə, uzlaşma yoxdur.
Ekspertlər də bildirir ki, bəzi media orqanları, xüsusən də sosial media, müəyyən saytlar, Yotube kanalları mövcud söz azadlığından sui-istifadə edərək xəbərlərə, süjetlərə yanıldıcı başlıqlar qoyurlar.
Ekspertlər qeyd edir ki, yazıların başlığınabaxırsan, məqaləni oxuyanda görürsən ki, ortada uyğunsuzluq var, çox vaxt mətn sərlövhəni tamamlamır.
Ekspertlər bunun səbəbinin müxtəlif olduğunu deyir. Burda başlıca səbəblərdən biri İP toplamaqdır. Digər səbəblərə gəlincə, sayt redaktorları hazırladıqları materialın diqqət cəlb etməsi, yəni daha çox oxunması üçün bu üsula əl atırlar, belə çaşdırıcı başlıqlar qoyurlar.
Hətta illər əvvəl belə bir tendensiya da vardı ki, bəzi qəzetlərdə, saytlarda oxucular yazıları deyil, başlıqları oxuyurdular, başlığın yanıldıcı olduğunun fərqinə çoxları varmırdı. Müasir oxucunun tələbi isə daha başqadır, o, reallıqdan çıxış edilməsini tələb edir, obyektiv yanaşma görmək istəyir.
Bəzi ekspertlər hesab edir ki, bu cür sərlövhələrin meydana çıxmasının bir səbəbi də çoxsaylı saytlar, internet platformaları, sosial media arasındakı rəqabətlə bağlıdır ki, bu da nəticədə redaksiyaların ziyanına işləyir və oxucunu kənarlaşdırır. Oxucu başlığı görüb mətni açır, amma başlıqda əks olunanı yazının içində görmədikdə bir daha o sayta girmir... Oxucunu belə itirir bəzi saytlar.
Bir məsələ də var ki, onu da ekspertlər daim müzakirə edirlər, bu da bəzi saytlarda peşəkarlığın unudulmasıdır. Ekspertlərə görə,İP uğrunda mübarizə bütün peşəkar yanaşmaları, prinsipləri yıxıb dağıdır. Burda ən diqqət çəkən problemlərin biri də, yeri gəldi-gəlmədi, "şok” və “təcili” sözlərindən istifadə ilə bağlıdır. Bu sözə həm saytların təqdim etdiyi yazıların başlıqlarında, həm də Youtube kanallarının təqdim etdikləri verilişlərin sərlövhələrində rast gəlinir, özü də sıx-sıx.
Başlıqla məzmunun üst-üstə düşməməsini bəzi ekspertlər qeyri-peşəkarlıqla bağlayır. Çoxları bu gün başlığında "şok” sözü olan heç bir yazını oxumur, oxumaqdan imtina edir. Artıq oxucu bəzi saytların sensasiya yaratmaq cəhdini yaxşı dərk edir və bu üzdən də belə yazılara yaxın durmur. Ekspertlər birmənalı olaraq deyirlər ki, başlıq mütləq yazının məzmununa uyğun olmalıdır, eyni zamanda yalan ifadələrdən ibarət olmamalıdır, həm görüntü olaraq, həm də məzmun olaraq başlıq göz oxşamalı, cəlbedici görünməlidir, amma çaşdırıclıqdan uzaq olmalıdır.
Təbii ki, oxucuların, ictimaiyyətin, ziyalı kəsimin bəzi saytların qoyduqları başlıqlardan narazılıqları çoxdur və onlar bu mövqelərini heç zaman gizlətmirlər. Məsələn, dəfələrlə eşitmişik ki, oxucular aidiyyəti qurumların bu kimi halların qarşısını almalarını istəyiblər.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəzi saytların qoyduqları uyğunsuz başlıqlarla bağlı onlara etdiyi sonxəbərdarlıq ictimayyətin maraqlarını tamamilə əks etdirir və insanlar tərəfindən razılıqla qarşılanır.
MEDİA-nın açıqlamasında bunlar deyilir: “Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir. Qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir. Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir”.
Açıqlamada xatırladılır ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır: “Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”.
MEDİA-nın bu açıqlamasını bir daha ona görə xatırlatdıq ki, hələ bu yanlış yolda olan saytlar bəlkə bir nəticə çıxara, “çörək bahalaşdı”, “dollar kəskin bahalaşdı”, “şok”, “təcili” və sair kimi yalan-palan dolu başlıqlar təqdim etməkdən çəkinsinlər.
MEDİA qanunvericiliyə tam uyğun olaraq belə saytlara müvafiq xəbərdarlıq edib və bu xəbərdarlıq da onları söz və məlumat azadlığına hörmət etməyə, ondan sui-istifadə etməməyə peşəkar bir çağırışdır. Əlbəttə, söz azadlığından sui-istifadə ilk növbədə peşə etikasına ziddir və jurnalist sənətinə hörmətsizlikdir. Söz azadlığını qorumalıyıq və onun bütün pronsiplərinə əməl etməliyik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.