AZ

Rusiya Ukraynada Azərbaycana qarşı daha təhlükəli oyuna başladı...


Məlum olduğu kimi, bu günlərdə Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycanın SOCAR şirkəti ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb. Artıq Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Transbalkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir.

“Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib: “Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibə başlatmasından sonra Azərbaycan Avropa məkanında bir qaz ölkəsi kimi daha çox diqqət cəlb etməyə başlayıb. Sergey Koretski də qeyd edir ki, indiki halda Azərbaycan qazının Ukraynaya tədarükü - uzunmüddətli əməkdaşlığa yol açan strateji addımdır. Onun sözlərinə görə, bu sövdələşmə mənbələrin diversifikasiyasına və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir: “Göstərilən etimada görə Azərbaycana təşəkkür edirik”. Ukraynaya qaz ixracından sonra Moldova da enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycana getdikcə daha çox ümid bəsləyir. Moldovanın energetika naziri Dorin Jungiyetu qeyd edir ki, qaz təchizatı mənbələrinin şaxələndirilməsi strategiyası çərçivəsində Moldova Azərbaycan şirkətlərini potensial təchizatçılar kimi cəlb etməkdə maraqlıdır: “Dövlət şirkəti “Energocom”un qarşıdan gələn payız-qış mövsümü üçün korporativ səviyyədə təsdiqlənmiş qaz alışı strategiyası var. Onun əsas prinsipi mənbələrin şaxələndirilməsidir. Biz təchizatçılar arasında Azərbaycan şirkətlərini görməyə şad olardıq”. Rusiyanın “Qazprom” şirkətinin törəmə strukturu olan “Moldovaqaz” şirkəti ətrafındakı vəziyyəti şərh edən D.Jungiyetu xatırladıb ki, 2022-ci ildən etibarən şirkət əsasən qazı “Energocom”dan alıb: “Bu, “Qazprom”un Moldovaya təchizat həcmini birtərəfli qaydada azaltmasından sonra baş verib. “Moldovaqaz”ın səhmlərinin 50 %-i beynəlxalq sanksiyalar altında olan “Qazprom”a məxsus olduğundan, şirkət beynəlxalq bazarlarda qaz almaq imkanına malik olmayıb. Bundan əlavə, əsas səhmdar Moldova qanunvericiliyinə riayət olunmasını , eləcə də, tədarük və paylama fəaliyyətini müəyyən edilmiş müddətdə təmin etməyib. Bununla əlaqədar olaraq, “Moldovaqaz” qaz təchizatı lisenziyasından məhrum edilir, lakin paylama sahəsində fəaliyyətini davam etdirəcək”. Qeyd edək ki, Enerji Tənzimləmə üzrə Milli Agentliyin (ANRE) Direktorlar Şurası “Moldovaqaz”ın təbii qaz təchizatı lisenziyasının ləğvi barədə qərar qəbul edib. Sentyabrın 1-dən etibarən təchizatçı funksiyaları rəsmi olaraq dövlət şirkəti “Energocom”a keçəcək. Bu fonda “Energocom” Azərbaycandan da qaz ala bilər. Bu, hətta Ukrayna üzərindən də reallaşa bilər. Hər halda Moldova bu prosesdə maraqlı görünür.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk qeyd edir ki, Transbalkan boru kəməri Ukraynaya dünyanın müxtəlif yerlərindən Yunanıstan və Türkiyədəki terminallara daxil olan mayeləşdirilmiş qaza və Transadriatik qaz kəməri ilə nəql olunan Azərbaycan qazına çıxış imkanı verir. Bu arada onu da xatrladaq ki, Ukrayna 2024-cü ilin sonlarında Rusiya ilə qaz tranziti sazişini uzatmayıb. Ukraynanın Energetika Nazirliyi bu qərarın milli təhlükəsizlik maraqları naminə qəbul edildiyini açıqlayıb. Məhz belə bir vaxtda Rusiya ordusu ​Odessa vilayətində yerləşən və Azərbaycan qazının Ukraynaya çatdırılmasında tranzit rolu oynayan Orlovka kompressor stansiyasına zərbə endirib. Məsələ ilə bağlı “Moskovski Komsomelts” nəşri yazır: “Gecə saatlarında Odessa vilayətində gurultulu partlayışlar silsiləsi Ukraynanın arxa infrastrukturuna növbəti hücum deyildi - bunun arxasında həm Kiyevə, həm də Bakıya ünvanlanmış aydın siqnal var idi. Rusiyanın “Geran” tipli kamikadzeləri İzmail rayonunda yerləşən Orlovka və Novoselskoye qəsəbələri ərazisində bir sıra obyektlərə zərbələr endirib. SHOT Telegram kanalının məlumatına görə, Orlovka qaz kompressor stansiyası zərbələrin ehtimal olunan hədəfləri arasında olub. Ukrayna tərəfi revers sxemdən istifadə edərək rəsmi kanallardan yan keçməklə Rumıniya, Bolqarıstan və Türkiyədən qaz alıb. Rumıniya ilə tam sərhəddə yerləşən stansiya cənub qaz marşrutunun əsas elementidir. Məhz bu dəhliz vasitəsilə Azərbaycan son vaxtlar nümayişkaranə şəkildə Transbalkan marşrutu adlanan marşrutla Ukraynaya qaz ötürməyə başlayıb. Ukraynanın “Naftoqaz” şirkəti ilə Azərbaycanın dövlət şirkəti olan SOCAR arasında bağlanan müqavilə açıq-aşkar siyasi xarakter daşıyırdı və Rusiyanın enerji axınlarından yan keçməyin mümkünlüyünü göstərmək cəhdi idi. Baxmayaraq ki, Bakı iki milyard kubmetrə qədər yanacaq tədarük etmək niyyətində olduğunu bəyan etsə də, bu həcm Ukraynanın nə az, nə çox on milyard həcmində olan ehtiyaclarını ödəmir. Burada əsas rol miqyasda deyil, siyasi mövqe nümayiş etdirməklə oynayır: Azərbaycan Rusiya infrastrukturuna bağlı marşrutlardan istifadə etməklə Avropa İttifaqına və Ukraynaya loyallıq nümayiş etdirir. Moskvanın cavabı özünü çox gözlətməyib. Müəssisənin ən azı qismən sıradan çıxmasına səbəb olan Orlovka stansiyasına zərbə Rusiyadan yan keçərək yanacaq tədarükü yaratmaq cəhdlərini dayandırmaq üçün simvolik bir akt idi. Beləliklə, Bakının cəlb olunduğu alternativ enerji sxemlərinə arxalananların hamısına təkcə fiziki deyil, həm də strateji sillə vuruldu. Hərbi müşahidəçi Yuriy Podolyaka hücumu həm Kiyevin maraqlarına, həm də Azərbaycanın ambisiyalarına ikiqat zərbə kimi qiymətləndirib. O, açıq şəkildə bildirdi ki, onun fikrincə, zərbələr, məsələn, Odessa vilayətində Azərbaycanın bütün neft infrastrukturuna təsir edərək daha geniş ola bilərdi. Podolyaka əlavə edib ki, bu obyektlərin dağıdılması məsələsi əvvəllər siyasi səbəblərə görə dayandırılıb, lakin Bakı ilə münasibətlərin indiki soyuması bu cür hərəkətlərin mümkünlüyünü artırır. Podolyaka yazır: "Əgər Odessa və ətraf ərazilərdəki "Geran" dronları Azərbaycan neft məhsullarının qəbulu üçün bütün Ukrayna infrastrukturunu (Ukrayna tankları və hərbi maşınları ondan istifadə edir) sıradan çıxarsaydı, bu, çox gözəl olardı. İzmail bölgəsində baş verənlər Ukrayna ilə Qafqaz ölkələri arasında enerji əməkdaşlığının bütün strategiyasına kəskin yenidən baxılması üçün başlanğıc nöqtəsi ola bilər. Moskva məqbul olanın sərhədlərini aydın şəkildə göstərdi və nümayiş etdirdi ki, Rusiya marşrutlarından onun iradəsinə zidd olaraq istifadə etmək cəhdləri dərhal və sərt şəkildə yatırılacaq. Əgər Bakı iki cəbhədə oynamağa davam etsə, SOCAR-la bağlı infrastruktura hücumların adi təcrübəyə çevrilməsi mümkündür. Bu kontekstdə Azərbaycan çətin seçim etməli olacaq: ya marşrut üzərində fiziki nəzarəti itirmək və cavab tədbirlərinə məruz qalmaq risqi ilə Qərblə enerji inteqrasiyasını davam etdirməli, ya da daha ehtiyatlı və neytral mövqeyə qayıtmalı olacaq. Ukraynaya gəlincə, Orlovkaya hücum həyəcanverici siqnal idi - münaqişə kontekstində etibarlı və təhlükəsiz enerji təchizatı kanalları getdikcə azalır”.

Nahid SALAYEV

Seçilən
27
baki-xeber.com

1Mənbələr