Səmərəlilik zəmanətli deyil, lakin yaxşı idarəetmə, nəzarət mexanizmləri və şəffaflıqla bu ehtimal artırıla bilər
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) yeni kredit sazişi imzalayıb.
Bank Respublikadan bildirilir ki, bu saziş çərçivəsində bank 15 milyon avro məbləğində vəsait cəlb edəcək və bu vəsait milli valyutada təqdim olunacaq.
Məlumata görə, 4 il müddətinə nəzərdə tutulmuş kredit mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin qadın sahibkarların daha əlverişli şərtlərlə maliyyələşdirilməsinə imkan verəcək. O da bildirilir ki, Bank Respublikanın geniş filial şəbəkəsi sayəsində bu vəsaitlər ölkənin bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.
Bu kreditin alınmasında nə kimi risqlər var? Həm də həmin vəsaitlərin kiçik və orta biznes üçün səmərəli olacağına kim zəmanət verəcək?
Bu bütün kreditlər üçun çox aktual və əhəmiyyətlu bir məsələni əhatə edən sualdır. Beynəlxalq maliyyə institutlarından alınan kreditlərin risqləri və bu vəsaitlərin real sektorda, xüsusən də kiçik və orta sahibkarlıqda (KOB) səmərəliliyi məsələsi çox alktualdır.
Birincisi, biz Bank Respublika ilə dəqiqləşdirə bilmədik ki, bu kredit dövlət zəmanəti ilə götürülüb, yoxsa yox. Risqlərin qiymətləndirilməsində bu çox vacib şərtdir.
Kredit sazişinin risqlərinə gəldikdə, birinci sırada valyuta risqi dayanır.
Kredit 15 milyon avro məbləğində alınır, amma manatla təqdim olunacaq. Yəni valyuta dəyişmə risqi bankın üzərindədir. Əgər yaxın 4 il ərzində avro manat qarşısında aşırı dəyər qazansa - bahalaşsa bank zərər çəkə bilər.
Avronun manata qarşı məzənnəsində dəyişiklik baş verərsə, bankın maliyyə yükü arta bilər. Bu da son nəticədə faizlərə və ya kredit şərtlərinə təsir edə bilər.
İkunci risq faktoru ödəniş qabiliyyəti ilə bağlıdır. KOB sektorunun gəlir sabitliyi bəzən zəif ola bilər, xüsusilə də regionlarda. Sahibkarlar kreditləri qaytara bilməsə, bu həm onların maliyyə sabitliyini, həm də bankın portfel keyfiyyətini təhlükə altına ala bilər.
Digər risq faktoru istifadə məqsədindən, yəni kreditin təyinatdan yayınması təhlukəsi ola bilər.
Kreditlərin məqsədli şəkildə istifadə olunmaması ehtimalı var. Yəni bu vəsaitlər real istehsala yox, başqa sahələrə yönləndirilə bilər. Kreditin nəzarətsiz və formal şəkildə verilməsi bu risqi daha da artırır.
Eyni zamanda, faiz dərəcələrinin dəyişməsi, inflyasiya, siyasi sabitlik və tənzimləyici orqanların qərarları da bu sazişin uğuruna təsir edə bilər.
Bu kreditin KOB və qadın sahibkarlar üçün səmərəli olacağına kim zəmanət verə bilər?
Əslində, heç kim tam zəmanət verə bilməz, lakin müəyyən mexanizmlər mövcuddur:
EFSE kimi beynəlxalq maliyyə institutları kredit verdikləri banklara qarşı şəffaflıq, hesabatlılıq və nəzarət tələbləri qoyur. Yəni kreditin istifadə istiqamətləri monitorinq olunur. EFSE bu vəsaitin yalnız mikro, kiçik, orta və qadın sahibkarlar üçün istifadə olunmasını tələb edə bilər.
Əgər Bank Respublika bu layihəyə ciddi yanaşırsa, onlar kreditlərin səmərəli istifadəsinə nəzarət üçün monitorinq sistemləri qurmalı, həmçinin təlim və müşavirə xidmətləri təklif etməlidir.
Digər tərəfdən, Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank bu tip kreditlər üzrə ümumi monitorinq funksiyasını icra edə bilər.
Nəticə olaraq qeyd edək ki, risqlər mövcuddur, xüsusilə valyuta və kreditin təyinatdan kənar istifadəsi risqi aktualdır. Səmərəlilik zəmanətli deyil, lakin yaxşı idarəetmə, nəzarət mexanizmləri və şəffaflıqla bu ehtimal artırıla bilər.
Ən əsası, bu cür kreditlərin uğuru sahibkarların bilik və bacarıqlarından, dövlət dəstəyindən, bankın nəzarət sistemlərindən və ümumi iqtisadi mühitdən asılıdır.
Bu saziş müsbət potensiala malikdir, xüsusilə regionlarda və qadın sahibkarlığında irəliləyiş yaratmaq baxımından. Amma uğurun əsas şərti nəzarət, şəffaflıq və maarifləndirmədir. Əgər bu elementlər təmin olunarsa, risqlər minimuma enə bilər və kreditlərin səmərəliliyi yüksək olar.
Akif NƏSİRLİ