AZ

İlham Əliyev Trampla 5-ci gün saat 11-in yarısında görüşəcək...


Azərbaycan-ABŞ münasibətlərində son dövrlərdə dinamik inkişaf müşahidə olunur. Bunun əsas səbəblərindən biri odur ki, artıq Amerika siyasətində Azərbaycana münasibətdə mühüm dəyişikliklər qeydə alınır.

Faktdır ki, Donald Tramp administrasiyası sələfindən fərqli olaraq Azərbaycana münasibətdə daha praqmatik və uzaqgörən siyasət yürüdür. Bu yanaşma da təsadüfi deyil, çünki iki ölkə arasında münasibətlər strateji maraqlara əsaslanır.

O da məlum həqiqətdir ki, Bayden-Blinken administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi gərginliklər qeydə alınıb. Əfqanıstan əməliyyatlarının başa çatmasından dərhal sonra ABŞ administrasiyası ölkəmizə qarşı 907-ci düzəlişi yenidən tətbiq etdi. Buna qədər 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ Prezidenti tərəfindən hər il dayandırılırdı. Lakin Bayden-Blinken administrasiyası yenidən bu düzəlişin tətbiqinə başladı. Amma Donald Tramp administrasiyası dönəmində vəziyyətin dəyişməsi gözlənilir. Bu və digər məsələlərin prezident İlham Əliyevin avqustun 6-da ABŞ-a reallaşan səfəri fonunda daha geniş şəkildə müzakirəsi gözlənilir. Qeyd edək ki, səfər Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır. Məlumata əsasən, prezidentlər arasında danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər. “The Washington Post” qəzeti də avqustun 8-də Donald Trampın Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcəyini yazır. Bu görüş barədə qəzetə Ağ Evin iki yüksək vəzifəli rəsmisi məlumat verib. Onlardan biri deyib ki, Trampla görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının elan edilməsi mümkündür. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşləri planlaşdırılır. Yaxın Şərq üzrə analitik Maykl Skott Doran görüşlərin qrafikini dərc edib. Onun sözlərinə görə, prezident Tramp bu cümə günü saat 14:30-da (Bakı vaxtı ilə 22:30) Ermənistanın baş naziri, 50 dəqiqə sonra isə Azərbaycan prezidenti ilə görüşəcək. Bundan sonra o, hər iki ölkə liderinin iştirakı ilə bəyanatla çıxış edəcək. Onu da xatırladaq ki, Tramp administrasiyasının ilk dönəmində Azərbaycan-Amerika əlaqələri kifayət qədər fəal şəkildə inkişaf edib, müxtəlif layihələr həyata keçirilib. Bu layihələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi yer tuturdu. Yeni mərhələdə Azərbaycan ABŞ üçün vacib və etibarlı tərəfdaş kimi qiymətləndirilir. Daha bir mühüm nüans odur ki, ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Eyni zamanda, enerji sahəsində vacib əməkdaşlıq mövcuddur. Lakin Bayden administrasiyasının hakimiyyəti zamanı münasibətlərimizdə müəyyən soyuqluq yaranmışdı. Belə ki, Ermənistana havadarlıq edən, Azərbaycana müxtəlif bəhanələrlə təzyiqlər etməyə çalışan Bayden administrasiyası əslində rəsmi Vaşinqtonun regiondakı maraqlarına ciddi zərbə vurmuş oldu. Amma Tramp administrasiyası özündən əvvəlki hakimiyyətin səhvlərini aradan qaldırır.

Ekspertlər bildirir ki, prezident İlham Əliyev 2024-cü ilin yayında Şuşada təşkil olunan Qlobal Media Forumunda ABŞ-da keçiriləcək prezident seçkilərinə dair suala cavab verərkən Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərlə strateji baxışını ortaya qoyub. Bu, Tramp tərəfindən də yüksək qiymətləndirilib. Bu fonda Azərbaycan prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edib:

“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”. Belə fikirlər də səslənir ki, Trampın Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı təşəbbüskarlığı və vasitəçilik cəhdləri müasir diplomatiya tarixində mühüm presedentlərdən biri - 1978-ci ildə imzalanmış Kemp-Devid razılaşması ilə müqayisə oluna bilər. O zaman Misir və İsrail arasında illərlə davam edən münaqişəyə ABŞ prezidenti Cimmi Karterin rəhbərliyi ilə son qoyulmuş və Yaxın Şərqdə tarixi sülh razılaşması əldə edilmişdi. Bu gün Tramp prezident İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə dəstək verməklə Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində analoji tarixi rol oynaya bilər. Onun vasitəçiliyi yalnız iki dövlət arasında deyil, bütövlükdə regionda davamlı sabitliyin və əməkdaşlığın bərqərar olmasına xidmət edir. Beləliklə, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişafı yeni perspektivlər vəd edir. ABŞ qəbul edir ki, Azərbaycan olmadan Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik və əməkdaşlıq platforması qurmaq mümkün deyil. Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını Azərbaycan yenidən qurur və bu istiqaməti Vaşinqton Bakı ilə təmaslara dəstək vernəklə inkişaf etdirəcək.

Samirə SƏFƏROVA

Seçilən
21
baki-xeber.com

1Mənbələr