Çində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun sürətli yayılması səbəbindən hökumət COVID-19 pandemiyası dövrünə bənzər profilaktik tədbirlər həyata keçirib.
Gundem.az The Independent nəşrinə istinadən xəbər verir ki, ölkədə 7000-dən çox yoluxma halı qeydə alınıb, onların böyük əksəriyyəti ən iri istehsal mərkəzlərindən biri olan Foşan şəhərində aşkarlanıb.
Çikunqunya virusu ağcaqanadlar vasitəsilə ötürülür və yüksək hərarət (40 dərəcəyə qədər), baş ağrısı, ürəkbulanma, əzələ və oynaq ağrıları kimi ağır simptomlarla müşayiət olunur. Hazırda Çində epidemiyanın qarşısını almaq üçün milli səviyyəli protokollar tətbiq edilir.
Səlahiyyətlilər geniş dezinfeksiya işləri aparır, sakinlərə isə evlərindəki çiçək qabları, qəhvə maşınları və butulkalar kimi durğun su mənbələrini aradan qaldırmaq tapşırılıb. Qaydaları pozan şəxsləri 10 min yuana qədər cərimə gözləyir.