AZ

Polşada konstitusiya islahatları gündəmdə: Navrotskidən 2030 vizyonu

Finss.az - Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski ölkə konstitusiyasına dəyişikliklərlə bağlı ümummilli müzakirəyə başlamaq niyyətində olduğunu açıqlayıb.

Prezident bu təşəbbüsü andiçmə mərasimindən sonra səsləndirib.

"Polşa vətəndaşlarının hüquqi təhlükəsizliyi, dövlətin konstitusiya və hüquq sistemi mənim üçün cəmiyyətin müəyyən bir təbəqəsinin rahatlığından daha vacibdir", – deyə Navrotski bəyan edib.

Dövlət başçısı bildirib ki, yeni konstitusiyanın layihəsi beş il ərzində hazırlanmalıdır və bu məqsədlə 2025-ci ildən etibarən geniş miqyaslı ictimai müzakirələrə start veriləcək. Onun sözlərinə görə, 2030-cu ilədək ölkənin yeni əsas qanunu hazır olmalıdır.

Prezidentin təşəbbüsü çərçivəsində dövlət idarəçiliyinin islahatı üzrə xüsusi şura da yaradılacaq. Bu şuraya müxtəlif siyasi çevrələrdən nümayəndələr, hüquqşünaslar və akademiklər cəlb ediləcək.

"Vətəndaşlar dövlətin suverenliyinə və təhlükəsizliyinə xidmət edən aydın və şəffaf hüquqi prinsiplərə ehtiyac duyur. Bu baxımdan konstitusiyanın yenilənməsi qaçılmazdır", – deyə Navrotski vurğulayıb.

O qeyd edib ki, 1997-ci ildə qəbul edilmiş mövcud konstitusiyaya hörmətlə yanaşsa da, son 30 ildə dünyada və regionda baş verən dəyişikliklər yeni hüquqi çərçivələrin formalaşdırılmasını zəruri edir.

Karol Navrotski bu ilin 1 iyununda keçirilmiş prezident seçkilərinin ikinci turunda 50,89% səs toplayaraq qalib gəlib. Onun rəqibi, Varşava meri Rafal Tşaskovski isə 49,11% səs qazanıb. Yeni prezidentin andiçmə mərasimi bu gün Polşa Milli Məclisində keçirilib.

Seçilən
16
fins.az

1Mənbələr