AZ

Dəhlizlə bağlı tarix verildi: Bakı işi başa çatdırır – İrəvandan gözlənilən xəbər

  Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası sürətlə davam etdirilir. Zəngəzur dəhlizinə çıxışı təmin edəcək bu strateji xətt, təkcə iqtisadi deyil, həm də regional əlaqələr baxımından mühüm əhəmiyyət daşıyır. Yeni xəritədə Azərbaycanın tranzit rolu daha da güclənir.

Ümumi uzunluğu 110,4 kilometr və 8 stansiyadan ibarət olan dəmir yolu xəttinin gələn il istismara verilməsi nəzərdə tutulur. Zəngəzur dəhlizinə uzanan həmin yol regionda və beynəlxalq nəqliyyat infrastrukturunda yeni reallıqların yaranmasına səbəb olacaq.

Uzunluğu 123,6 kilometr olan avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Yol boyu ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Məlumata görə, tunellər üzrə işlərin 37 faizi yerinə yetirilib.

Bu layihələrin regionun iqtisadi inkişafına təsiri nədən ibarət olacaq?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, Horadiz-Ağbənd dəmir yolu xətti üzrə həyata keçirilən işlər, Zəngəzur dəhlizinin əsas seqmenti kimi qiymətləndirilə bilər:

“44 günlük müharibədən sonra Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etmək məqsədilə Zəngəzur dəhlizinin açılması qəti şəkildə müəyyənləşdi. Ermənistan tərəfi buna qarşı çıxsa da, Azərbaycanın qərarı dəmir yolu xəttinin və avtomobil yolu infrastrukturunun qurulması yönündədir. Həmçinin, İran üzərindən Araz dəhlizinin inşası ilə bağlı zəruri işlər də görülür, gələcəkdə bu istiqamətdə dəmir yolunun çəkilməsi mümkün ola bilər.

Zəngəzur dəhlizi həmçinin strateji bir layihə olaraq, yalnız Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin təmin olunmasına xidmət edəcək. Bu layihə beynəlxalq və Transxəzər nəqliyyat dəhlizi üzərindən yüklərin daşınması üçün də mühüm əhəmiyyət kəsb edir”.

Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizinə qədər olan yol infrastrukturunun qurulması sürətlə davam edir:

“Ağbəndə qədər olan yolun böyük hissəsi artıq salınıb və işlərin tamamlanmasına çox az qalıb. Zəngəzur dəhlizi gələcəkdə beynəlxalq yükdaşımalar üçün əlverişli şərait yaradacaq. Azərbaycan və Türkiyə liderləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu sadəcə ölkəmiz üçün daxili əhəmiyyətli bir kommunikasiya deyil. Bu yol eyni zamanda beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizinin tərkib hissəsidir. Prezident İlham Əliyev müharibə başa çatdıqdan sonra Zəngəzur dəhlizi ilə bağlı ideya irəli sürərkən təkcə Naxçıvanla birləşməyimizi düşünməmişdi. Doğrudur, əsas məqsədimiz Naxçıvana manesiz və təhlükəsiz yolun açılmasıdır. Lakin dövlət başçısı bununla yanaşı, Zəngəzəur dəhlizinin beynəlxalq nəqliyyat arteriyasının tərkib hissəsi olacağını da qeyd etmişdi. Yolun  Zəngəzur dəhlizinə qədər olan və Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi gələn ilin əvvəlinə kimi yekunlaşacaq. Bu, həm də beynəlxalq tərəfdaşlarımız üçün bir mesajdır. Azərbaycan üzərinə götürdüyü vəzifələri məsuliyyətlə və vaxtında icra edir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi olacaq”.

Deputat bildirib ki, hesablamalara görə, Zəngəzur dəhlizi vasitəsilə birinci mərhələdə ildə 15 milyon tondan çox yüklərin daşınması nəzərdə tutulur:

“Bu dəhliz vasitəsilə daşınacaq yüklərin coğrafiyası Çindən Avropaya qədər uzanacaq. Nəticə olaraq Zəngəzur dəhlizi bu coğrafiya üzərində yerləşən bütün ölkələrin marağında olan layihədir. Azərbaycan öz ev tapşırığını yüksək səviyyədə icra edir, top tərəfdaşlarımızdadır. Belə ki, digər maraqlı ölkələr dəhlizin açılması üçün Ermənistana təzyiq göstərməli və bu layihənin tez reallaşmasına çalışmalıdırlar. Çünki Zəngəzur dəhlizi qarşlıqlı fayda gətirən əməkdaşlıq və sülh dəhlizi olacaq”.  

Seçilən
4
1
referans.az

2Mənbələr