"Nüvə reaktoru Ayda ilk olaraq kimə xidmət edəcək?.."
ABŞ administrasiyası Ayda nüvə reaktoru qurmaq planlarını sürətləndirir. NASA-nın müvəqqəti rəhbəri və eyni zamanda ABŞ nəqliyyat naziri olan Şon Daffinin imzaladığı yeni direktivə əsasən, məqsəd birinci olmaqdır.
Moderator.az xəbər verir ki, bu barədə "thenewyorkttimes.com" nəşri yazıb.
Bu təşəbbüs prezident Donald Trampın rəhbərliyi ilə kosmik proqramların yenidən prioritet elan edildiyi dövrə təsadüf edir. Daffi vurğulayıb ki, bu texnologiyanın inkişafı təkcə gələcək Ay iqtisadiyyatı və Marsdakı enerji ehtiyacları üçün deyil, həm də ABŞ-ın kosmosda milli təhlükəsizliyini gücləndirmək üçün həyati əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Çin və Rusiya 2030-cu illərin ortalarına qədər Ayda ortaq baza quraraq orada nüvə reaktoru yerləşdirməyi planlaşdırırlar. Əgər bu reallığa çevrilsə, həmin ölkələr Ayın bəzi ərazilərini "qapalı zona" elan edə bilər ki, bu da ABŞ-ın hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.
2029-cu ilə qədər reaktor işlək vəziyyətdə olmalıdır
Yeni direktivə görə, NASA 30 gün ərzində layihəyə rəhbərlik edəcək şəxsi təyin etməli və 60 gün ərzində özəl şirkətlərin təkliflərini toplamalıdır. Tikiləcək reaktor ən azı 100 kilovat gücündə olmalı və 2029-cu ilin sonuna qədər işə salınmalıdır.
Qeyd edək ki, Ayda bir gün 29,5 Yer sutkasına bərabərdir. Yəni iki həftəlik gün işığı və iki həftəlik qaranlıq dövr var. Bu, Günəş panelləri və batareyalarla uzunmüddətli enerji təminatını mümkünsüz edir. Məhz buna görə də həm NASA, həm də Çin-Rusiya alyansı Ayın cənub qütbünə yönəlib - buradakı kraterlərin dibi daim kölgədə qalır və bu yerlər enerjiyə xüsusi ehtiyac duyur.
NASA artıq 2022-ci ildən bəri bu istiqamətdə ilkin tədqiqatlara maliyyə ayırırdı. Həmin il 3 şirkətə 5 milyon dollarlıq müqavilə verilib, 40 kilovat gücündə və 6 tondan az çəkili reaktor modelləri hazırlanıb. Yeni planlar isə daha güclü və iddialıdır.
Amerikanın kosmik iqtisadiyyatı və ikinci yarış
ABŞ hökuməti bununla yanaşı, Beynəlxalq Kosmik Stansiyanın (BKS) 2030-cu ildə istismardan çıxarılmasından sonra onu əvəzləyəcək kommersiya stansiyalarının qurulmasını da sürətləndirmək istəyir. "Axiom Space", "Vast" və "Blue Origin" kimi şirkətlər artıq bu təşəbbüsə maraq göstəriblər. Daffinin sözlərinə görə, bu addımlar ABŞ-ın "ikinci kosmik yarışda" qalib gəlməsi üçün vacibdir.
Çin və Rusiyanın ortaq Ay planları
Digər tərəfdə isə Rusiya və Çin möhkəm addımlarla irəliləyir. "Roskosmos" və Çin Milli Kosmik Administrasiyası 2036-cı ilə qədər Ayda beynəlxalq stansiya tikmək barədə razılığa gəlib. Bu stansiyanın enerji təminatı da nüvə reaktoru vasitəsilə həyata keçiriləcək.
Artıq Azərbaycan da daxil olmaqla 13 ölkə bu layihəyə qoşulub. Görünən odur ki, Ayda enerji uğrunda mübarizə təkcə texnoloji yarış deyil, bu, həm də siyasi təsir, təhlükəsizlik və yeni nəsil iqtisadiyyatın formalaşması mübarizəsidir. Kim birinci olacaqsa, sadəcə Ayda deyil, gələcəkdə Marsda və daha uzaqlarda da söz sahibi ola bilər.