"Stentrode" implantı ilə düşüncələr cihazlara çevrilir..."
İnsanın düşüncəsi texnoloji alətlərə çevrilir - bu, artıq elmi fantastika deyil, reallıqdır. "Apple" və Avstraliya mənşəli "'Synchron" texnologiya şirkəti düşüncə gücü ilə "iPhone" və "iPad" kimi cihazları idarə etməyə imkan verən sistemin ilk canlı nümayişini keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "9toMac" nəşri yazıb. Məlumatı "tsn.ua" nəşri yayıb.
Qeyd edilir ki, bu sistem sinir implantı vasitəsilə beynin motor funksiyaları ilə birbaşa əlaqə qurur. "Apple" bu texnologiyanı öz gələcək əməliyyat sistemlərinə - "iOS 26", "iPadOS 26" və "visionOS"-a inteqrasiya etməyə hazırlaşır. Əsas yenilik ondan ibarətdir ki, istifadəçilər artıq toxunmadan, sadəcə düşünərək cihazlarla əlaqə qura biləcəklər.
İlk istifadəçi: Mark Ceksonun hekayəsi
Yeni texnologiyanın ilk real istifadəçisi Mark Cekson adlı pasiyent olub. O, ALS - nadir və ölümcül nevroloji xəstəlikdən əziyyət çəkir və əllərindən istifadə edə bilmir. Amma beyin damarına yerləşdirilmiş "Stentrode" adlı çip sayəsində o, artıq "iPad"-də tətbiqləri açır, mesajlar yazır və cihazla düşüncə gücü ilə ünsiyyət qura bilir. Mark deyir: "Əllərimi itirəndə sanki azadlığımı da itirdim. İndi isə təkcə düşünməklə yenidən dünyayla əlaqə qururam".
Əllərsiz, səs və gözsüz idarəetmə
Bu texnologiyanın əsas üstünlüyü ondadır ki, sistem tamamilə qeyri-invaziv üsulla, yəni beyin toxumasına müdaxilə edilmədən qurulub. Çip birbaşa beynin özünə deyil, motor korteksin yaxınlığındakı qan damarına yerləşdirilir. Bu yanaşma, İlon Maskın "Neuralink" layihəsində istifadə olunan daha riskli implant üsulundan fərqlənir. Hələlik bu texnologiya ilə əsasən toxunma funksiyası əvəz olunur, yəni düşüncə vasitəsilə düymələr basılır, mətnlər yazılır. Amma ekranı sürüşdürmək və səhifələri çevirmək funksiyası hələ hazırlanma mərhələsindədir.
"Apple" gələcəyə qapı açır
"Apple" artıq bu texnologiyanın sistemə inteqrasiyası üzərində işləyir. Gözlənilir ki, yaxın gələcəkdə "Switch Control" funksiyasının yenilənmiş versiyası sayəsində istifadəçilər fiziki toxunuş olmadan cihazlarını idarə edə biləcəklər. "Synchron" texnologiyasını "əsl inqilab" adlandırır. Çünki bu yanaşma təkcə əlil insanlar üçün deyil, gələcəkdə texnologiya ilə insan beyninin daha dərindən inteqrasiyasını mümkün edə bilər. Bu, sadəcə texnologiya deyil, insanla cihaz arasında yeni bir ünsiyyət mərhələsinin başlanğıcıdır.