QHT.az xəbər verir ki, 2025–2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölmələri üzrə tələbə qəbulu nəzərdə tutulmur.
Bu məsələ cəmiyyətdə müzakirələrə səbəb olub. Bəzi ekspertlər bu qərarın bölgədə təhsil alan gənclərin seçim azadlığını və beynəlxalq standartlara uyğun təhsil alma imkanlarını məhdudlaşdıra biləcəyini düşünürlər.
Mövzu ilə bağlı QHT.az-a açıqlama verən “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyeva bildirib ki, Qarabağ Universitetinin yaradılması özü milli mənəvi dəyərlərin təntənəsidir:
"2023-cü ildə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında yaradılan Qarabağ Universiteti bizləri azad edilmiş Qarabağ qədər qürurlandırır. “Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılmasında məqsəd tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması, regionun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi olmuşdur. Gənclərimiz elə ilk qəbuldaca bu universitetə böyük önəm verdilər. Bütün bölgələrdən ən yaxşı məzunlar təhsil üçün Qarabağ Universitetini seçdi. Bu onların təhsilə olan maraqları ilə yanaşı gənclərimizin qəlbində olan işğaldan azad olunmuş torpaqlara qayıdış kimi müqəddəs bir hissin təntənəsidir. Gənclərimizin vətənpərvərliyi, azərbaycançılıq ideologiyasının bir zəfəridir. Qarabağ Universiteti sıradan bir Universitet deyil. Onun mənəvi dəyərləri o qədər yüksəkdir ki, bu yüksəkliyi dərk etməyən gəncin orada bir işi yoxdur. Ona görə də, ali təhsil müəssisəsinin rəsmi sosial media hesablarında yaydığı “2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur" məlumatı müzakirə obyekti olmamalıdır. Bəli, Azərbaycan dili bu universitetin ana dilidir. Digər dillərdə təhsil almaq istəyənlər üçün Bakı şəhərində kifayət qədər (hətta mən deyərdim ki, lazım olduğundan da çox) şərait var. Təhsildə beynəlxalq standartlar dil ilə deyil, təhsillə ölçülməlidir. Və əgər bir təhsil müəssisəsində ingilis və rus dillərində təhsil yoxdursa bu heç də bölgədə təhsil alan gənclərin seçim azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Universitet hələ ilk adımlarını atır, arzu edək ki, onun və orada təhsil alan gənclərimizin gələcəyi parlaq olsun."
Pərvanə Fərhadqızı