AZ

Azərbaycan ATƏT-dən çıxmadı - özünü doğrultmayan quruma dərin islahatlar paketi verdi...


Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsə də, beynəlxalq hüququn bu ədalətsizliyi dinc yolla aradan qaldırmağa gücü çatmadı

Məlum olduğu kimi, 30 il ərzində Azərbaycan torpaqlarının işğal faktoru beynəlxalq hüquq çərçivəsində, dinc yolla həll edilə bilmədi. Bütün dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etsə də, beynəlxalq hüququn bu ədalətsizliyi dinc yolla aradan qaldırmağa imkanı çatmadı.

Münaqişənin həlli ilə isə ATƏT və onun Minsk qrupu məşğul olurdu. Bu 30 il ərzində ATƏT və onun Minsk qrupu nəinki Ermənistana təzyiq göstərmədi, hətta bütün məsələlərdə işğalçı Ermənistanla bu işğaldan zərər çəkmiş Azərbaycanı eyniləşdirdı - səsləndirdiyi bütün bəyanatları hər iki tərəfə eyni dərəcədə şamil etdi. ATƏT nümayəndələrinin yalnız bir ümumi təklifi var idi: "ermənilərlə dil tapın". Elə isə, beynəlxalq hüquq, beynəlxalq oyun qaydaları və ona nəzarət etməli olan ATƏT nədən ötrüdür?

Nəticə isə artıq hamıya bəllidir - Azərbaycan öz gücünə 44 günluk müharibə və bir günlük antiterror əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi və öz suverenliyini bərpa elədi.

Fikrimizcə, bundan sonra Azərbaycan ATƏT adlı ikiüzlü və ikili standartlarla işləyən bir qurumu tərk etməli idi. Lakin Azərbaycan hökuməti səbrlə davranaraq bu addımi atmadı. Azərbaycanın ATƏT-dəki nümayəndəliyinin bu günlərdə verdiyi bəyanat isə, əslində ölməkdə olan bu qurumun xilas edilməsı üçün islahat paketidir.

Belə ki, avqustun 1-də Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb. Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd edən ATƏT sədrliyi qurumun prinsiplərinin qüvvədə qaldığını və ATƏT-in regionunda təhlükəsizlik və sabitliyin əsasını təşkil etməli olduğunu bir daha vurğulayıb. Amma təəssüflər olsun ki, qurum bu missiyanı yerinə yetirə bilmir.

Azərbaycan nümayəndə heyətinin etiraz bəyanatında qeyd olunub ki, ATƏT-in faəliyyətsizliyi fonunda Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməli olub: "ATƏT münaqişənin həlli ilə bağlı mandatını yerinə yetirmək missiyasını həyata keçirməsə də, Azərbaycan ədaləti şəkildə öz ərazi bötüövlüyünü bərpa edərək Cənubi Qafqaz regionunda sülh və sabitlik üçün tarixi fürsət yaratdı".

Bəyanatın ümumi ruhu ondan ibarətdir ki, ATƏT platforması və onun ideyaları çox gözəldir, amma bu ideyaların ikili standartlara qurban verilməsi acınacaqlıdır: "1975-ci ildə qəbul olunmuş Helsinki Sazişi Avropada sərhədlərin toxunulmazlığını və güc tətbiqindən imtinanı sülh və təhlükəsizliyin əsas şərti kimi müəyyən etmişdi. Amma gəlin dürüst olaq: ATƏT prinsiplərinin seçmə şəkildə tətbiq edilməsi uzun illər ərzində təşkilatın etibarına və effektivliyinə ciddi zərbə vurdu.

Azərbaycanın bu prinsiplərin kobud şəkildə pozulmasından çəkdiyi əziyyət onu göstərdi ki, bu prinsiplər hələ də aktualdır və ATƏT məkanında təhlükəsizliyin əsas dayağı olmalıdır".

Bəyanatda qeyd edilir ki, hazırkı dövrdə qlobal və mürəkkəb təhlükələrə cavab vermək üçün Helsinki Yekun Aktında təsbit olunmuş “bütünlüklü, bərabər, ayrılmaz və əməkdaşlıq əsaslı təhlükəsizlik” yanaşması vacibdir - bu, siyasi-hərbi, iqtisadi-ekoloji və insan hüquqları ölçülərini birlikdə əhatə edən bir modeldir.

Bəyanatda ATƏT-in gələcək təhlükələrə hazır olmasının vacibliyi vurğulanmaqla o da qeyd edilir ki, artıq mənasi itmiş ATƏT-in Minsk qrupu bağlanmalıdır.

Ümumiyyətlə, Azərbaycan nümayəndəliyinin bəyanatı onu hədəfləyir ki, ATƏT-in bütun prinsipləri bu gün dünya üçün aktualdır, amma beynəlxalq qurum bu prinsipləri real gücə çevirə bilmir. Əgər ATƏT bunu bacarsa Azərbaycan onunla əməkdaşlığa hazırdır: "Azərbaycan ATƏT daxilində səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Biz hesab edirik ki, ATƏT hələ də yenidən güclənərək təhlükəsizlik sahəsində effektiv platformaya çevrilə bilər. Bu baxışla Azərbaycan ATƏT və onun qurumları ilə öz prioritetləri və ehtiyacları əsasında əməkdaşlığa açıqdır".

Dəniz NƏSİRLİ

Seçilən
24
baki-xeber.com

1Mənbələr