Milliyyətçiliyə meylli siyasətçi Duda ilə əvəzləndi, Tusk üçün çətin dönəm başlayır...
Poliqon xəbər verir ki, Polşada keçirilən rəsmi mərasimdə Karol Navrotski prezident vəzifəsinə and içərək səlahiyyətlərinin icrasına başlayıb. Beşillik müddətə seçilən Navrotski bundan əvvəl Polşa üzrə boks çempionu və mübahisəli keçmişə malik bir ictimai fiqur kimi tanınır. O, 10 il prezident olmuş Andjey Dudanı əvəz edib.
Navrotskinin prezidentliyini millətçi “Hüquq və Ədalət” (PiS) partiyasının tərəfdarları böyük coşqu ilə qarşılayıblar. Yeni prezident şəxsi X hesabında izdihamlı kütləni əks etdirən video yayımlayıb və “Dəstəyinizə görə təşəkkür edirəm” sözlərini yazıb.
Bu hadisə hazırkı baş nazir Donald Tusk üçün isə sevindirici sayılmır. Navrotskinin veto hüququndan istifadə etməsi, Tusk hökumətinin daxili siyasətinə əngəl yaradaraq onun rəhbərlik etdiyi sol-mühafizəkar koalisiyanı qeyri-effektiv göstərə bilər. Almaniyanın BILD nəşri yazır ki, bu gediş PiS partiyasının 2027-ci ildə keçiriləcək parlament seçkilərində yenidən hakimiyyətə qayıtmasına zəmin yarada bilər.
Brüssel və Berlin üçün də Navrotskinin hakimiyyətə gəlməsi narahatlıq doğurur. O, Avropa İttifaqının təsirinin azaldılmasını dəstəkləyir və seçki kampaniyası zamanı Almaniyaya qarşı sərt mövqelər nümayiş etdirərək, İkinci Dünya Müharibəsinə görə Berlindən təzminat tələb edəcəyini bildirib. Tuskı isə açıq şəkildə Almaniyanın və Aİ-nin “agent”i adlandırıb.
Bununla belə, Polşada siyasi düşərgələr arasında bir məsələdə razılıq var: Silahlı qüvvələr gücləndirilməlidir. Ölkədə Rusiyanın “əsas düşmən” olduğu fikri geniş qəbul olunub.
Poliqon.info