AZ

Rusiya Azərbaycana qarşı təhdid kampaniyası həyata keçirir

Rusiyanın son dövrlər Azərbaycana qarşı atdığı addımlarında qonşuluq münasibətinə yaraşmayan hərəkətlər özünü göstərir. Hazırda dünyada təklənən Rusiyanın strateji müttəfiqinə qarşı belə xoşagəlməz münasibət sərgiləməsi yaxşı heç nə vəd etmir. 

TASS informasiya agentliyində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələrin yer alması Kremlin işğalçı ölkəni dəstəklədiyini bir daha göstərir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov qəzetimizə açıqlamasında bildirib ki, Rusiya Azərbaycana qarşı imperiya imperativləri ilə təhdid kampaniyası həyata keçirir. Onun sözlərinə görə, bunun üçün Kreml koordinasiyalı informasiya əməliyyatları və təbliğat hekayələri yaratmağa çalışır: "Keçmiş Qarabağ münaqişəsinə istinad və onun bugünkü vəziyyətlə uyğunlaşdırılması cəhdi Rusiyanın Azərbaycana qarşı ərazi bütövlüyü üzərindən ritorik xətlər ətrafında birləşdiyini göstərir.  Lakin Azərbaycan Rusiyanın təbliğat alətlərindəki emosional mülahizələrin çəkisini sıfırlamaq üçün əks-həmlələr reallaşdırır və Moskvanı məsuliyyətli olmağa çağırır. Eyni zamanda Bakı Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini dərinləşdirir, paralel olaraq NATO ilə tərəfdaşlıq münasibətlərini irəlilədir. Bunlar Rusiyaya qarşı cəbhə kimi nəzərdən keçirilməsə də, Azərbaycanın çəkindiricilik imkanlarına müsbət təsirlər göstərir". 

Ekspert qeyd edib ki, Azərbaycanın faktiki müdafiə doktrinası Rusiyadan gələn təhlükələri azaltmaq üçün strateji imkanları özündə cəmləşdirir. Deməli, Azərbaycan Rusiya ilə əlaqələrdə məsuliyyətli, Rusiya isə əksinə olaraq məsuliyyətsiz mövqedədir.  "Azərbaycan tələb edir ki, Rusiya xarici siyasətdə daha rasional davransın, lakin Kremlin Ukraynadakı müharibə səbəbi ilə yuvarlandığı geosiyasi boşluqlar onu radikallaşmaq üçün əsassız davranışlara doğru sürükləyir. Bu, Rusiyanın Cənubi Qafqazda özünü emosional aktor kimi göstərməklə səciyyələnir. Hərçənd ki, Rusiya Azərbaycanın yaratdığı reallıqları və bunun üzərində formalaşdırdığı regional təhlükəsizlik paradiqmalarını geri oxuda bilmək potensialında deyil. Əvəzində isə Rusiya yatmış kəşfiyyat hücrələrini aktivləşdirir və bununla regional qorxu yaratmaq kampaniyası yürüdür", - deyə o bildirib. 

A.Kərimov vurğulayıb ki, bununla belə, Rusiya Azərbaycanın Ermənistan üzərindəki təsir rıçaqlarını zəiflədə bilməyəcək.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
55
azerbaijan-news.az

1Mənbələr