AZ

10 sentyabrdan sonra Rusiyada azərbaycanlıları nə gözləyir? - Qırğızlar indidən tədbirlərə başlayıb...


Xəyal Bəşirov: “Onların təhlükəsizliyi, gələcəkdə hüquqlarının təmin olunması, müdafiə edilməsi ilə bağlı prosesə Azərbaycan dövləti həmişə həssas yanaşıb”

Sentyabrın 10-da Rusiyada yeni miqrasiya qanunvericiliyi sərtləşmiş formada qüvvəyə minəcək. O vaxta qədər artıq bütün respublikalar özlərinin orada olan vətəndaşlarının hüquqi vəziyyətini konkretləşdirmək üçün addımlar atır.

Məsələn, Qırğızıstanın Rusiyadakı səfirliyi öz vətəndaşlarına 2025-ci il sentyabrın 10-dək Rusiya Federasiyasının miqrasiya qanunvericiliyinə uyğun olaraq öz hüquqi statuslarını əvvəlcədən tənzimləmələrinin zəruriliyini xatırladır. Bilindiyi kimi, bir çox ölkələrin nümayəndəlikləri, konsulluqlar və səfirliklər öz vətəndaşları ilə həbsxanalarda, məktəblərdə, iş yerlərində görüşlər keçirir, hətta morqlara belə gedirlər ki, ölən vətəndaşlarının olub-olmadığını bilsinlər.

Azərbaycanlılarla bağlı hazırda nə işlər görülür, nə işlər aparılmalıdır ki, sentyabrın 10-da onlar çətinlik çəkməsinlər, yeni sərt qanunvericiliyə tuş gəlməsinlər? Çünki yeni qanunvericilik aktında miqrantlara qarşı çox sərt addımlar nəzərdə tutulur. Azərbaycanlılarla bağlı hansı işlər aparılmalıdır?

“Hələ o qərarın qüvvəyə minməsinə bir ay var və bu dövr ərzində gərəyi olan addımlar atılacaq”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan dövləti mütəmadi olaraq Rusiyada yaşayan vətəndaşlarımızın taleyi ilə yaxından maraqlanır.

“Bu məsələ bizim üçün də, dövlətimiz üçün də aktual bir məsələdir. Nəzərə alaq ki, həm Rusiya vətəndaşı olan azərbaycanlılar kifayət qədərdir, həm də miqrant kimi həmin ölkəyədə yaşayıb fəaliyyət göstərən vətəndaşlarımız az deyil. Onların təhlükəsizliyi, gələcəkdə hüquqlarının təmin olunması, müdafiə edilməsi ilə bağlı prosesə Azərbaycan dövləti həmişə həssas yanaşıb.

Rusiyada bu təkcə azərbaycanlılara münasibətdə deyil, bütün xalqlara münasibətdə özünü göstərir, amma daha yumşaq şəkildə.

Rusiyada, xüsusilə də Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra miqrantlarla bağlı qanunvericiliyi sərtləşdirmək istiqamətində dəyişikliklərin dəfələrlə şahidi olmuşuq. Qeyd edildiyi kimi, sentyabrın 10-da miqrantlarla bağlı növbəti sərtləşdirilmiş qanunvericilik qüvvəyə minəcək. Bu da, bir çox dövlətlərlə yanaşı, Azərbaycanı da narahat etməyə bilmir.

Ayrı-ayrı etnik mənsubiyyəti olan miqrantların vətəndaşı olduqları dövlətlərin həyata keçirdikləri tədbirlərin eynisi zaman-zaman Azərbaycan dövləti tərəfindən də vətəndaşlarımızla bağlı həyata keçirilir. Burda azərbaycanlılara bir qədər fərqli yanaşma var. Rusiyada azərbaycanlı miqrantlara qarşı başqa cür mövqe formalaşıb, halbuki, bu başqa xalqlardan olan miqrantlara qarşı belə sərt deyil.

Təyyarəmizin vurulması, vətəndaşlarımızın faciəli şəkildə həlak olması, yaralanması və buna görə Rusiya tərəfin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, Azərbaycanın öz haqlı tələblərində qalması, eyni zamanda informasiya məkanımıza Rusiyadan kiberhücumların olması, bu kimi xoşagəlməz hallar, Yekaterinburq olayı ümumiyyətlə diqqətimizi daha çox bu istiqamətə yönləndirib.

Azərbaycan dövləti və Azərbaycan xalqı Rusiyadan bu münasibəti gözləmirdi. Rusiya tərəfinin özünün bu addımlarını düzəldəcəyini gözləyirik.Lakin təbii ki, Rusiya münasibətləri düzəldəcək addımı atmayacaqsa da, sentyabrın 10-da yeni miqrasiya qanununun sərtləşdirilmiş şəkildə qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyi ilə bağlı addım atmaq məcburiyyətindədir”.

O hesab edir ki, bu təkcə Rusiyada yaşayan azərbaycanlılara aid deyil, dünyanın istənilən ölkəsində yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması, hüquqlarının müdafiəsi ilə əlaqədar Azərbaycan dövləti həmişə addımlar atıb. Dünyanın istənilən nöqtəsində təbii faciəvi hadisələr baş verəndə orda Azərbaycan vətəndaşlarının olub-olmadığını müəyyən etmək üçün Azərbaycan dövlətinin dərhal hərəkətə keçdiyini deyən X.Bəşirov qeyd etdi ki, hər zaman onların təhlükəsizliyinin, hüquqlarının təmin edilməsi istiqamətində addımlar atılır. “Rusiyanın hazırladığı miqrasiya haqqında qanunun qüvvəyə mindiyi ərəfələrdə Azərbaycan dövləti yenə də vətəndaşlarımızla bağlı lazımı addımları atmaq niyyətini göstərir.

Sadəcə düşünürəm ki, indiki mərhələdə orda yaşayan insanlarımız da ayıq-sayıq olmalıdırlar. Rusiyanın yeni miqrasiya qanunu qüvvəyə minməmişdən lazımı tədbirləri görməlidirlər. Onların hüquqlarının pozulmasına imkan yaradacaq hər hansı bir vəziyyət varsa, ya bu vəziyyətin aradan qaldırılması istiqamətində işlər görülməlidir, əgər problemi həll etmək mümkünsüzdürsə onlar Azərbaycana qayıtmaq barədə addım atmalıdırlar. Çətinliklə üzləşərlərsə müvafiq dövlət qurumlarına, Azərbaycanın Rusiyadakı səfirliyinə, konsulluqlara, hətta diaspor təşkilatlarına belə müraciət edə bilərlər. Hələ o qərarın qüvvəyə minməsinə bir ay var və bu dövr ərzində gərəyi olan addımlar atılacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da gərinləşməsini istəyən, buna çalışan qüvvələr var. Belə vəziyyətlərdə həmişə Azərbaycan dövləti üçün həssas məsələ olan Azərbaycan vətəndaşlarına qarşı xoşagəlməz addımlardan istifadə olunur. Yəni gələcəkdə Rusiya hökumətinin, dövlət qurumlarının, polisinin, hüquq-mühafizə orqanlarının əlinə belə bəhanə vermək olmaz ki, onlar mövcud vəziyyətdən istifadə edib xoş olmayan niyyətlərini həyata keçirmək üçün, sanki qanunun tələblərini yerinə yetirirlər görüntüsü altında Azərbaycan vətəndaşlarına qarşı hansısa mənfi addım atmasınlar, Yekaterinburqdakı o qanlı hadisəni təkrar etməsinlər. Azərbaycan bu kimi halları mənfi qarşılayar, sərt təpki verər. Bu da Azərbaycanla Rusiya arasında münasibətlərin daha da gərginləşməsinə çalışan qüvvələrin xeyrinə olar.

Ona görə də hesab edirəm ki, vətəndaşlarımız özləri də bu məsəyə həssas yanaşmalı və problemlərinin tez bir zamanda həlli üçün səfirliyə, konsulluğa müraciət etsinlər. Onsuz da Azərbaycan dövləti vətəndaşlarımızla bağlı məsələlərə hər zaman həssas yanaşır. Hesab edirəm ki, səfirliyimiz bu müddət ərzində bütün lazımı tədbirləri həyata keçirəcək və vətəndaşlarımızın hər hansısa bir problemlə üzləşməsinə imkan verməyəcək”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
34
baki-xeber.com

1Mənbələr