AZ

Çin yenidən anticovıd tədbirləri tətbiq edir

Səbəb çikunqunya virusunun yayılmasıdır

Çinin Quandun əyalətinin səlahiyyətliləri COVID-19 pandemiyası zamanı tətbiq edilən sanitar tədbirləri qismən bərpa edib. Hazırda bu, əhalini çikunqunya virusundan (CHIKV) qorumaq üçün edilir.

 Bloomberg-in məlumatına görə, indi əyalətin apteklərində xəstəliyin əlamətlərini yüngülləşdirməyə kömək edən dərmanlar alarkən sənəd təqdim etmək lazımdır. Alıcılar haqqında məlumatlar sanitar nəzarət orqanlarına verilir. Məlumdur ki, COVID-19 pandemiyası zamanı bu cür məlumatların toplanması xəstə insanların hərəkətini məhdudlaşdırmağa və koronavirus testlərinin çatdırılmasına nəzarət etməyə imkan verib.

Çikunqunya virusu ağcaqanad sancması ilə ötürülür. Xəstəlik bir neçə gündən sonra özünü göstərir və temperaturun 40 dərəcəyə qədər kəskin artması, aylarla davam edə bilən şiddətli oynaq, əzələ və baş ağrıları, ürəkbulanma, zəiflik və səpgilərlə müşayiət olunur.

Hazırda Quandunda bərqərar olan daşqın mövsümü və isti hava şəraiti virusu daşıyan ağcaqanadların çoxalması üçün ideal şəraitdir. Bu səbəbdən bir aydan az müddətdə təkcə Foşan şəhərində 7 mindən çox yoluxma halı qeydə alınıb.

Əyalət hökumətinin ciddi bir qapanma tətbiq edəcəyinə dair hələ heç bir əlamət yoxdur. Lakin Quandun xaricindəki bir neçə şəhər artıq Foşandan gələn səyahətçilərə məhdudiyyətlər qoyub. Onlara tapşırılıb ki, 14 gün ərzində səhhətlərinə ciddi nəzarət etsinlər və hər hansı xəstəlik əlaməti aşkar edildikdə həkim qəbuluna gəlsinlər.

Bundan başqa, ABŞ-nin Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri də Çinə səyahət edən amerikalılara xəbərdarlıq edərək, ağcaqanad sancmasından qorunmağı tövsiyə edib. CHIKV ilk dəfə 1952-ci ildə Birləşmiş Tanzaniya Respublikasında, daha sonra Afrika və Asiyanın digər ölkələrində aşkarlanmışdır. Şəhər yerlərində epidemiyalar ilk dəfə 1967-ci ildə Tailandda və 1970-ci illərdə Hindistanda qeydə alınmışdır. 2004-cü ildən bəri CHIKV epidemiyaları artıb. Bu günə qədər CHIKV Asiya, Afrika, Avropa və Amerikanın 110-dan çox ölkəsində aşkar edilib. 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
79
azerbaijan-news.az

1Mənbələr