UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün iki Azərbaycan təmsilçisi növbəti sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, doğma azarkeşlər önündə oynayacaq "Araz-Naxçıvan"dan fərqli olaraq, "Sabah" Bolqarıstanda imtahan verəcək.
Avrokuboklara UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində başlayan, Sloveniya "Sele"sinə uduzaraq (2:3, 3:3) mübarizəni KL-də davam etdirmək məcburiyyətində qalan Azərbaycan Kubokunun son qalibi burada Moldova "Petrokub"una hər iki oyunda qalib gəlib - 2:0, 4:1. İndi isə "bayquşlar"ı pley-offa vəsiqə uğrunda "Levski" ilə çətin sınaq gözləyir.
Yeri gəlmişkən, "Sabah" "Levski"ni üstələsə, pley-off mərhələsində "Alkmaar" (Niderland) - "Vaduts" Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
Sofiyada "Georgi Asparuxov" stadionunda "Levski"nin qonağı olacaq Valdas Dambrauskasın komandası saat 22:00-da başlayacaq səfər qarşılaşmasından sərfəli nəticə ilə ayrılmağa çalışacaq. Matçda ədaləti FİFA referisi Duye Strukanın başçılıq etdiyi xorvatiyalı hakimlər briqadasının üzvləri qoruyacaqlar.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 14-də keçiriləcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
7 avqust
22:00. "Levski" - "Sabah"
Hakimlər: Duye Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç (hamısı Xorvatiya).
Sofiya. "Georgi Asparuxov" stadionu.