“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiprin “Omoniya” komandasını qəbul edəcək. “Liv Bona Dea Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
II təsnifatda Yunanıstanın “Aris” komandasını üstələyən “Araz-Naxçıvan”dan gözləntilər artıb. Düzdür, “Omoniya” ilə cütün favoriti kiprlilərdir, lakin “Aris” səddinin məğlubiyyətsiz aşılması komanda adına ümid verib. Bakıda keçiriləcək görüşdə azı heç-heçə komandanın şanslarını saxlayacaq.
Nikosiya təmsilçisi Konfrans Liqasında mübarizəyə təmsilçimiz kimi II təsnifatdan başlayıb. Gürcüstanın “Torpedo” komandası ilə cütləşən Nikosiya klubu hər iki oyunda qələbə qazanaraq, mərhələ adlayıb. “Omoniya” evdə 1:0, səfərdə isə 4:0 hesablı qələbəyə sevinib.
“Omoniya”nın “transfermarkt”da dəyəri 15,5 milyon avrodur. “Araz-Naxçıvan”da isə bu rəqəm 8,63 milyondur. Kipr təmsilçisinin ən dəyərli oyunçusu yeni transferləri Karl Aytinqdir. Mərkəz yarımmüdafiəçisinin qiyməti 1,6 milyon avrodur. Komandanın əsas qol ümidi isə Marius Stepinskidir. Forvard ötən il Konfrans Liqasında Kiprdə “Zirə”yə qarşı əldə edilən böyükhesablı qələbəyə (6:0) iki qolla töhfə vermişdi. Həmin matçda dubl edən digər oyunçu Villi Semedo da heyətdə olan adlardandır. Cinah vingeri “Torpedo” ilə görüşlərdə iki qol vurub. “Omoniya”da ötənlərin məşhur futbolçularında olan Stefan Yovetiç də çıxış edir. Mövsümə uğurlu başlayan 35 yaşlı hücumçu “Torpedo” ilə duellərdə 3 qola imza atıb. “Araz-Naxçıvan” müdafiəsinin xüsusilə bu oyunçulara diqqət etməsi mütləqdir. Yovetiç kifayət qədər beynəlxalq təcrübəyə sahibdir və xırda səhvlər təmsilçimiz üçün baha başa gələ bilər.
“Omoniya” ilə görüş “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev üçün də xüsusidir. Belə ki, mütəxəssis “Qəbələ”də çalışan zaman Konfrans Liqasının II təsnifat mərhələsində “Omoniya”ya rəqib olub və hər iki oyunda uduzub – 1:4, 2:3.
“Omoniya” buna qədər üç dəfə Azərbaycan klublarına avrokuboklarda rəqib olub.
2021-ci ildə Konfrans Liqasında “Qarabağ”la qarşılaşan kiprlilər evdə uduzub – 1:4, Bakıda isə heç-heçə edib – 2:2. Növbəti dəfə – 2023-cü ildə “Qəbələ”yə qarşı olan Nikosiya təmsilçisi hər iki oyunda qələbəyə sevinib – 4:1, 3:2. “Omoniya”nın Azərbaycan klubuna qarşı son dueli “Zirə” ilə olub. Ötən mövsüm KL-də Nikosiyada darmadağına sevinən (6:0) “Omoniya” Bakıda məğlub olub – 0:1. Bu, həm də Kipr klubunun Azərbaycan klublarına qarşı səfərdəki yeganə məğlubiyyətidir.
Şahin Cəfərov