AZ

Yeni mərhələnin astanasında...

Azərbaycan-ABŞ əməkdaşlığı sülhün, inkişafın və təhlükəsizliyin mühüm qarantıdır

Son beş ildə Cənubi Qafqazda cərəyan edən siyasi-hərbi proseslər regionun gələcək inkişafı ilə bağlı tarixi bir mərhələ formalaşdırıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi ilə 30 ilə yaxın davam etmiş münaqişə başa çatıb - artıq, yeni mərhələdə müzakirə predmeti münasibətlərin normallaşması, sülhün imzalanmasıdır. Bu istiqamətdə isə artıq illərdir ki, fərqli aspektlərdə işlər aparılır. İlk dövrlərdə fərqli vasitəçilərin iştirakı ilə keçirilən görüşlər, danışıqlar minimum effektlə müşay?ət olunurdusa, təmasların ikitərəfli formata keçidi ilə proses dinamizm qazanıb. Təsadüfi deyil ki, məhz ikitərə?li təmasların yaranmasının ardından Ermənistan ilə Azərbaycan arasında bəzi məsələlərdə ortaq fikirlər meydana gəlib - Qazaxın 4 kəndi qaytarılıb, eyni zamanda müəyyən bir qism sərhədin delimitasiya və demarkasiyası razılaşdırılıb, sülh sənədinin bütün maddələri üzrə ortaq mövqe yaranıb. Xüsusilə, ötən ayın əvvəlində Əbu-Dabidə baş tutmuş görüş bu qəbildən vacib nəticələrlə yadda qaldı.

Azərbaycan - ABŞ münasibətləri: dinamizm, identiklik və intensivlik...

Bəli, münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün həm geostrateji, həm geoiqtisadi, həm də geosiyasi mənada yeni üfüqlər açır. Bu isə qlobal səviyyədə vacib nəticələr vəd edir. Nəzərə alsaq ki, artıq bir neçə aydır dünyada yeni siyasi nizamın formalaşdırılması istiqamətində aktiv prosesləri müşahidə edirik, Cənubi Qafqazda əbədi sülhün yaranması qütblərarası iqtisadi münasibətlərdə yeni bir cığır aça bilər. Şərq-Qərb kontenti üzrə ticari münasibətlərin ən vacib geocoğrafi nöqtəsi sayılan Cənubi Qafqazın sabit və inkişafa yönəlik üstünlükləri göz önünə çıxaraq yeni dividendlər yaradacaq. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın apardığı effektiv siyasi xətt bütün dünyada yüksək dəyərləndirilir. Xüsusilə, yeni dönəmdə ABŞ-Azərbaycan münasibətləri diqqət çəkir - iki ölkənin rəhbərliyi arasında vacib və səmərəli dialoq mühiti inkişaf etdirilir. Prezident Trampın dövlət başçısı seçilməsinin ardından yeni bir trayektoriya qazanan ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir - rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir. ABŞ Prezidenti Trampın son 8 ayda Bakıya ünvanladığı məktublarda bu məqam xüsusi yer alır - əlaqələri daha da gücləndirmək. Diqqət yetirsək, ABŞ Prezidentinin bir neçə ay öncə, Novruz Bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda da paralel tezislər yer alırdı. Bu isə onu deməyə əsas verir ki, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur - məktubda bildirilir ki, “biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik”.

Beləliklə, Prezident İlham Əliyevin ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, əməkdaşlıq, regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır. Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər.

Vaşinqtonda mühüm görüş...

Qeyd edək ki, səfəröncəsi ABŞ KİV-ləri Vaşinqtonda mühüm bir görüşün də anonsunu bildirmişdilər - “The Washington Post” nəşri iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yaymışdı ki, Prezident Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Məlumata görə, bu görüş prezident Trampın beynəlxalq münaqişələrin həllinə vasitəçilik səylərinin növbəti nümunəsidir. Görüşün məqsədi onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir. Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Trampla ayrıca görüşünün keçirilməsinin planlaşdırıldığı haqda da məlumat yayılıb.

Əbu - Dabinin davamı kimi...

Bu görüş Əbu-Dabi  görüşündə əldə edilən tarixi razılaşmaların mühüm bir davamı sayıla blilər. Xatırladaq ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilmişdi və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilmişdi. Müsbət və konstruktiv keçən görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənmişdi və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılmışdı.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar vermişdilər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəlmişdilər.

Beləliklə də, Əbu-Dabi görüşünün öz analogiyalarından daha fərqli nəticə ortaya qoya biləcəyinə böyük inam vardı - bu görüş hətta tarixi dönüş nöqtəsi də adlandırılırdı. Görüşün nəticəsi olaraq ortaya çıxan ən mühüm tezis  bundan ibarət idi ki, Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranması ilə bağlı fəaliyyətini uğurla davam etdirir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyurdu. Hədəfin məhz Cənubi Qafqazda sülh və təhlükəsizlik mühitinin yaranmasına, iqtisadi inkişafın dərinləşməsinə yol açılmasına, münasibətlərin normallaşmasına istiqamətlənməsi də ikitərəfli formatın nə qədər düzgün seçim olduğunu bir daha təsdiqləyir.

Vaşinqton münasibətlərin normallaşması üçün meydan açır...

Vurğulandığı kimi, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən uğurlu proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu istər region üçün perspektivdə gözlənilən əməkdaşlıq platformalarına münasibət, istər bölgənin siyasi-hərbi reallıqlarına qarşı yanaşmalar, istərsə də danışıqlar prosesinə olan maraq, eyni zamanda ortaya qoyulan mövqelər də təsdiqləyir. Artıq aylardır ki, vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr həm təqdir olunur, həm də bu prosesin daha da inkişaf etdirilməsinə maraq diqqətə çatdırılır. Bu məqam onu təsdiqləyir ki, artıq beynəlxalq aləm bölgədə əbədi və dayanıqlı sülhün bərqərar olmasını istəyir - bu istiqamətdə atılan addımların ortaya qoyulan səylərlə daha effektiv olacağını düşünür. Prezident Trampın iki ölkə arasında təmasın yaranmasına yaratdığı şərait də bu mənada yüksək dəyərləndirilməlidir. ABŞ-ın səyləri anlaşılandır - bu gün əsas geostrateji məkanlardan sayılan Cənubi Qafqazda sabitliyin formalaşması Tramp admin?strasiyası üçün də olduqca vacibdir. Ümumiyyətlə, Prezident Trampın bölgəyə, Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqe alqışlanasıdır - Prezident Trampın birinci prezidentlik dövründə də (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. Xüsusilə Respublika Günü (28 may), Müstəqillik Günü (18 oktyabr) və digər mühüm tarixlərdə məktublarında Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayıb.

2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.

Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirib. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildiriblər.

44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövluyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək dəyərləndirib.

İrəvan üçün tarixi şans...

Vaşinqtonda planlaşdırılan görüş yeni bir dövrün, yeni bir mərhələnin astanasında dayandığımızı təsdiqləyir. İrəvanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoyması bu prosesin müsbət dinamikasını artıracaq. Başqa sözlə, artıq ləngimək olmaz - ilk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, bölgənin daha konservativ inkişafı üçün töhfə verməlidir. İrəvan anlamalıdır ki, Azərbaycan bütövlükdə, Cənubi Qafqazın prosesdən uğurla və həm siyasi, həm də iqtisadi dividend qazanaraq çıxması üçün çalışır - başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Paralel olaraq Azərbaycan yalnız yerləşdiyi regionun siyasi-iqtisadi maraqlarının təmsilçisidir.

Vaşinqton görüşü məzmun və mahiyyət baxımından yeni tarixi bir mərhələ formalaşdıra bilər - bu, bütövlükdə, dövlətlərarası münasibətlərin normallaşması istiqamətində tərtib olunan hədəflər üzrə danışıqların müsbət məcrasına yeni bir yön verəcək. Artıq sülhün, inkişafın vaxtı çatıb - regionda təhdid yaradacaq fəaliyyətdən uzaqlaşmaqla, irəli sürülən sülh doktrinasının bir hissəsinə çevrilməklə İrəvan özünün də tarixində yeni bir mərəhələyə start verəcək. Bunun üçün isə siyasi iradə nümayiş etdirmək, müstəqil qərarlar vermək, sülh prosesini uğurla gələcəyə daşımaq kimi missiyaları yerinə yetirmək lazımdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Bu şansı əldən vermək olmaz...

Pərviz SADAYOĞLU

Seçilən
44
yeniazerbaycan.com

1Mənbələr