AZ

"Köhlən atlar" indidən yoruldumu? - Təkcə penalti epizoduna güvənmək...

Azərbaycan futbol klublarının Avrokubok yarışlarında uğurları davam edir.

Mia.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu (FK) səfərdə Şimali Makedoniyanın “Şkendiya” klubunu 1 qol fərqiylə məğlub edib.

Bu gün “Araz-Naxçıvan” FK ev oyunu keçirəcək. “Sabah” FK isə bu gün səfərdə rəqiblə ilk qarşılaşmaya çıxacaq. 

“Qarabağ”ın təcrübəsi digər klublarımızdan daha çoxdu. Keçən il bütün cəhdləri boşa çıxsa da, bu il pis başlamayıb. Hərçənd, UEFA Çempionlar liqasının III təsnifat mərhələsi çərçivəsində “Şkendiya” ilə oyunu göstərdi ki, Ağdam klubunun Avropa macərası uzun sürməyə bilər. “Asta gedən çox gedər” prinsipinə söykənən “Qarabağ”un vurduğu qollar necə deyərlər,  “yağmasa da damlayır”a daha çox bənzəyir.

 “Şkendiya” da Ağdam klubu ilə oyuna psixoloji hazırlaşıb gəlmişdi.  Hələ oyundan əvvəl baş məşqçi hörmətlə demişdi ki, “Qarabağ”ı, onun taktikasını, üslubunu izləyiblər. Bəs “Qarabağ” nəyi öyrənmişdi? Cəmi bir qol fərqi yaratmaq cavab qarşılaşması üçün böyük riskdi. “Qarabağ”ın öz meydanında böyük hesabla uduzması keçmişi var, bunu unutmayaq. Toral Bayramovun penaltisini də şişirtməyə ehtiyac yoxdu. Bayramov qapının doqquzluğu əvəzinə “kosmos”a da top göndərə bilərdi. Bundan əvvəllərdə olduğu kimi. Təkcə penalti epizoduna güvənmək Avropa iddiası üçün çox yorğun yanaşma deyilmi sizcə? Halbuki, qol epizodları kifayət qədər vardı. Zubirin qeyri-dəqiqliyini, Nərimanın tərəddüdünü, Kadinin ərköyünlüyünü bir yerə yığanda heç Koxalski eləmir. 

Zubir niyə elə yorğundu, deyə soruşmaq istəyirəm Qurbanovdan. Yaşlandımı? Qapının qarşısında əlverişli vəziyyəti qola çevirməkçün Nərimana evmi alıb verək? Bəs aqressiv Kadi sarı vərəqədən sonra Bakıdakı cavab oyununda qırmızı alsa nə olacaq?

“Qarabağ” çox sönük, həvəssiz görünür indiki halda.  

Bizimkilərdən fərqli olaraq “Şkendiya” rəqibini sözdə yox, taktika olaraq yaxşı analiz eləmişdi. “Qarabağ”ın hücum komandası olduğunu yaxşı bilən “Şkendiya” bütün oyun boyunca qonaqları iynə üstündə saxladı: hakimin əlavə 6+1,5 dəqiqəsi belə onların aşkar hücum üstünlüyü ilə keçdi, “Qarabağ” son dəqiqələrdə sadəcə, hesabı qorudu. 

Q.Qurbanov son oyunlarda çox yorğun görünür.  Bəlkə də, həqiqətən yorulub: yayı demək olar ki, istirahət etməyiblər. Təlim-məşq toplantıları, yoxlama oyunları, bir tərəfdən Avropa oyunları. Qurbanov bu yay heç gedib hansısa məşhur klubun məşqlərini də izləmədi. Hər il ənənəvi olaraq gedirdi. Bu il daha çox ehtiyac vardı məncə. “Qarabağ”ın oynadığı rəqiblər artıq onun taktikasını və üslubunu çözüblər. Hətta transfer edəndə belə mütəxəssislər klubun hansı cinahda oyunçuya hesablanacağının proqnozunu dəqiq verə bilir. Qurbanov özü də istəyirdi komandasına hansısa taktiki fərqlilik gətirsin, bəzi yeniliklər tətbiq etsin. Amma görünür, buna vaxt yoxdu və baş məşqçinin keçən ilki uğursuz Avropa oyunları seriyasının təkrarlanması kimi qorxusu var indidən.

Q.Qurbanovun Azərbaycan klublarının hazırda davam edən Avrokubok oyunlarına diqqətini verməməsi də maraqlı gəlir adama. Bu il iki komandamız özünü uğurla irəli aparır. Ağdam təmsilçilərinə rəhbərlik edən baş məşqçi niyə onları izləmir, maraq göstərmir?

Qurbanovu 1 penalti qolu ilə təbrik etməyi mən də istəyirəm. Skopyedəki jurnalist kimi. Amma həmin jurnalist 1 qol fərqi ilə ölkəsinin komandasının böyük şans qazandığının sevinci ilə təbrik edir Qurbanovu, mənsə düşünürəm ki, Koxalskinin qəhrəmanlığına möhtac olan komandaya Bakıda, cavab görüşündə dualarımı əksik etməyim.

Skopyedəki jurnalisti Qurbanov Bakıya dəvət edib, yəqin sualından xoşnud qalıb, mənsə elə Bakıdayam və  “Qarabağ”ın bu səddi keçə bilməyəcəyi təqdirdə baş məşqçiyə suallarımı diqqətlə arıtlayıb verməyə məcburam ki, Qurbanov bundan sonra da Avropa təcrübəsini öyrənməyə davam eləsin. 

Zülfiyyə Mustafayeva
Mia.az 
 

Seçilən
22
4
mia.az

5Mənbələr