KALEKALIP şirkəti seriyalı istehsal olunan 5.56 mm-lik KMG556 yüngül pulemyotunun tədarükünü davam etdirir.
“Poliqon” “SavunmaSanayiST” nəşrinə istinadən xəbər verir ki, NATO standartlarına (TOP 3-2-045 və MIL-DTL-70446) uyğun şəkildə kvalifikasiya edilən Türkiyənin ilk 5.56 mm-lik yüngül pulemyotu KMG556-nın indiyədək yüksək sayda çatdırılmaları həyata keçirilib.
Nəşrin məlumatına görə, KMG556-nın kvalifikasiya prosesi zamanı minlərlə ədəd patron istifadə olunmaqla müxtəlif sınaqlar icra edilib. Xüsusilə, 30000 ədəd 5.56 mm çaplı patron istifadə olunaraq həyata keçirilən “Etibarlılıq və Davamlılıq Sınağı” KMG556 tərəfindən “0 xəta” ilə tamamlanıb. Bu uğur həm yerli, həm də xarici tədarük orqanlarının diqqətini cəlb edib.
Kvalifikasiya sınaqlarında əldə edilən uğurdan sonra ilk sifarişlər yerli istifadəçi orqanlardan gəlib. İndiyədək Türk Quru Qoşunları Komandanlığı, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi tərəfindən müxtəlif saylarda KMG556 yüngül pulemyotu sifariş edilib. KALEKALIP bu sifarişlər çərçivəsində indiyədək yüksək sayda yüngül pulemyotu müştərilərə təhvil verib. Son çatdırılma isə Türk Quru Qoşunları Komandanlığına həyata keçirilib.
KMG556-nın kvalifikasiya mərhələsində və sonrakı yüksək sayda tədarüklərdə nümayiş etdirdiyi mükəmməl performans və istifadəçi məmnuniyyəti, artıq xarici istifadəçilərin də diqqətini cəlb edib. Hazırda 3 fərqli ölkənin inventarına daxil edilmiş KMG556 üçün bir çox yeni ölkə ilə müqavilə danışıqları davam edir.
Türkiyənin yerli və milli imkanlarla hazırlanaraq kvalifikasiya edilən ilk 5.56 mm-lik pulemyotu KMG556, üstün texniki və taktiki xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri sayəsində silah, həm açıq sahələrdə, həm də yaşayış məntəqələrində aparılan əməliyyatlarda istifadə edilə bilir.
İkitərəfli istifadə (həm sağ, həm də sol əllə) üçün uyğun quruluşda dizayn edilən KMG556, 7.8 kiloqram ağırlığa və dəqiqədə 750-950 atış gücünə malikdir. Teleskopik qundağı və tənzimlənən yanaqlığı olan pulemyorun lülə hissəsi, əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə sürətli dəyişdirilə biləcək şəkildə hazırlanıb. Ərazidəki hədəflər üçün 800 metr təsirli mənzilə malik olan KMG556 ilə 600 metr məsafəyədək nöqtə hədəflərə atəş açmaq mümkündür.