Metbuat saytına istinadən ain.az xəbər verir.
Azərbaycanda ailə institutunun qorunması sistemli yanaşmaya əsaslanır. Bu məqsədlə dövlət həm hüquqi, həm sosial, həm də institusional mexanizmlər formalaşdırıb. Atılan addımlar ailə dəyərlərinin möhkəmləndirilməsinə, sabitliyinin təmin olunmasına xidmət göstərir. Ailə Məcəlləsi, sosial proqramlar, ixtisaslaşmış inzibati idarələr bu istiqamətdə mühüm rol oynayan əsas vasitələrdəndir.
Ailəyə sosial dəstək proqramları üzrə dövlət strategiyası
Azərbaycanda ailələrin rifahına yönəlmiş bir sıra dövlət proqramları mövcuddur. Bu mənada “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması üzrə 2014–2020-ci illər Dövlət Proqramı”, “Ailə rifahının yaxşılaşdırılması üzrə regional təşəbbüslər”, “Uşaqların məcburi dispanserizasiyası haqqında aktlar” xüsusi çəkiyə malikdir. Bu proqramların məqsədi ailənin dayanıqlığının, sağlamlığının, sosial təhlükəsizliyinin təmin olunmasıdır. Dövlət proqramları ilə yanaşı, ailə institutuna dəstək üçün məqsədli kampaniyalar da təşkil olunur. Məsələn, peyvənd kampaniyaları, məktəbəqədər uşaqların dispanser qeydiyyatı, doğuşöncəsi nəzarət kimi səhiyyə tədbirləri də ailə institutunun qorunmasına töhfələr verir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, son illərdə əhalinin peyvəndləmə faizi 95–98% arasında dəyişir və bu, ailələrin sağlamlığını qoruyan mühüm faktor kimi çıxış edir (https://lent.az/xeber/sosial/xeber_nesib_quliyev).
“Ailə rifahının gücləndirilməsi üzrə 2030-cu ilədək Milli Strategiya” layihəsi də hazırlanmaqdadır. Bu sənəd ailələrin iqtisadi dayanıqlığını artırmaq, ailədaxili münasibətləri yaxşılaşdırmaq və uşaqların müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti
Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə siyasətinin praktiki müstəvidə icrasına məsul olan əsas qurumdur. (https://azerbaijan.az/site/related-information-three?mainId=705&subId=227). Komitə öz missiyasına uyğun olaraq, ailələrə dəstək üçün xüsusi proqram və layihələr həyata keçirir. AQUPDK nəzdində yaradılan və 17 rayonda fəaliyyət göstərən Resurs Mərkəzləri vasitəsilə ailələr üçün maarifləndirici proqramlar təşkil edilib. Resurs Mərkəzləri maarifləndirmə proqramları ilə kifayətlənmir. Onlar ailələr üçün həm də praktiki yardımlar təşkil edirlər. İctimai sorğuların nəticələri əsasında ailələrin əsas problemləri öyrənilir və onlara uyğun müdaxilə mexanizmləri hazırlanır. Bu, depressiya, ailədaxili zorakılıq və stress kimi riskləri müəyyənləşdirərək hədəfə yönəldilmiş tədbirlərin keçirilməsinə şərait yaradır.
Komitənin dəstək proqramları mövsümə, dövrə və aktual çağırışlara uyğun olaraq yenilənir. Məsələn, 2020-ci ili Vətən Müharibəsindən sonra “Müharibədən zərər çəkən ailələrə psixososial dəstək” layihələri həyata keçirilir. Məktəb və icmalarda da psixoloji treninqlər, vebinarlar təşkil olunur.
“Qırmızı, Sarı, Yaşıl” layihəsi çərçivəsində ailələrdə stressin idarə olunması üçün vərdişlər aşılanır. Həmçinin, “Mənim hüquqlarım” mövzusunda ailələr üçüntəşviqat, təbliğat, sosial kampaniyalar, valideyn və gənclərə yönəlmiş forumlar keçirilir və effektiv nəticələr verir. Bu tədbirlər ailədaxili münasibətlərin sağlamlaşdırılması, sosial məsuliyyətin təşviqi üçün mühüm platformaya çevrilmişdir (https://family.gov.az/az/projects).
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova bizimlə söhbətində deyib ki, ailə cəmiyyətin əsas dayağı, sabitliyin və inkişafın rəhnidir: “Ailə bəşər tarixinin bütün mərhələlərində insani dəyərlərin qoruyucusu qismində çıxış edib, bu gün də bu funksiyanı davam etdirir”.
Onun sözlərinə görə, ailə yalnız bioloji davamlılığı təmin edən platforma deyil, həm də mənəvi dəyərlərin yaradılması və ötürülməsini təmin edən institutdur: “Fərd ilkin sosiallaşma təcrübəsini məhz ailə mühitində qazanır. Sosial davranış qaydalarını, milli və ümumbəşəri mənəvi dəyərləri, məsuliyyət hissini, qarşılıqlı hörmət prinsiplərini məhz ailədə mənimsəyir”.
Müsahibimiz qeyd edir ki, gələcək nəsillərin sağlam şəkildə yetişdirilməsi, bu məqsədlə ailə institutunun qorunub saxlanılması dövlətin uzunmüddətli prioritet istiqamətlərindən biridir: “Ailələrin üzləşdiyi problemlərin aradan qaldırılması, onların sosial rifahının təmin olunması məqsədilə dövlət tərəfindən müvafiq dəstək proqramları, resurslar yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ailə institutunun möhkəmləndirilməsinə xidmət edir”.
Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.