AZ

Deputat: “Görüşdə Prezidentin dəyişməz mövqeyi və siyasi iradəsi əhəmiyyətli olacaq”

“Sabah Vaşinqtonda çox əhəmiyyətli görüş keçiriləcək”. 

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilməsi gözlənilən görüş barədə danışarkən deyib. O bildirib ki, bu görüş ərəfəsində gözləntilər müxtəlifdir: 

“Bu görüş Cənubi Qafqaz üçün çox böyük əhəmiyyət daşıyır. ABŞ Prezidentinin birbaşa vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi həm iki ölkə arasındakı münasibətlərdə, həm Cənubi Qafqazda, həm də beynəlxalq münasibətlərin tənzimlənməsində çox müsbət bir hadisə olaraq qiymətləndirilməlidir”. 

Millət vəkili qeyd edib ki, xüsusilə də sülh müqaviləsinin imzalanması prosesində bu görüş çox müstəsna önəmə sahib ola bilər: 

“Artıq hiss edilir ki, Donald Tramp Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Onun bu mövzu ətrafında dəfələrlə açıqlamalar verməsi birmənalı olaraq bunu deməyə əsas verir. Düşünürük ki, bu görüşdə də Prezident İlham Əliyevin dəyişməz mövqeyi və siyasi iradəsi çox əhəmiyyətli rol oynayacaq”.

Deputat diqqətə çatdırıb ki, Ağ Evdəki görüşdən müsbət nəticələr gözlənilir: 

“Sözügedən görüşdən sonra Rusiyanın Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesindən, ümumiyyətlə Cənubi Qafqazdan kənarlaşdırıla biləcəyi barədə də suallar yaranır. 

Əslində, bu görüşün nəticəsi region və dünya ölkələri üçün də çox əhəmiyyətli ola bilər. Rusiya da bu regionun bir aktoru olaraq belə görüşlərin pozitiv nəticələnməsində maraqlı olmalıdır. Lakin əlbəttə ki, danışıqların nəticəsinə uyğun olaraq Kremlin Cənubi Qafqazdakı təsir dairəsi zəifləyə də bilər. 

Düzdür, Moskva öz mövqelərindən geri çəkilmək istəməyəcək. Çünki Rusiya uzun əsrlərdir ki, bu regionda aktiv bir oyunçudur. Bu illər ərzində Moskvanın bölgədəki ən əsas təsir aləti isə Ermənistan olub. Ancaq Ağ Evdəki danışıqlar Rusiyanın artıq prosesdə bir o qədər də həlledici rol sahibi olmaması ilə nəticələnə bilər”. 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr