AZ

Yaşı yüzü keçən qadınlar və uzun yaşamayan kişilər MÜZAKİRƏ EDİLDİ

Yazını böyüt
Yazını kiçilt

Qadınların ömrünün orta hesabla kişilərdən uzun olmasına səbəb nədir?

Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı 276 nəfər təşkil edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, bu şəxslərdən 41-i kişi, 235-i isə qadındır. Yaş bölgüsündə qadınların üstünlük təşkil etməsi Azərbaycanda qadın ömrünün orta hesabla kişilərdən uzun olması ilə izah olunur. Əsrlik ömrün sahibləri əsasən bölgələrdə, xüsusilə də təbiətə yaxın və nisbətən sakit həyat tərzi ilə seçilən ərazilərdə yaşayırlar. Diqqətçəkən əsas məqamlardan biri də budur ki, hazırda ölkənin ən yaşlı pensiyaçısı 135 yaşlı Tamam Əli qızı Əzizovadır. O, Lənkəran şəhərində yaşayır. Bu fakt yalnız Azərbaycanda deyil, dünya miqyasında da nadir göstərici sayılır.

Qeyd edək ki, 2017-ci ildən ölkədə pensiya yaşı xüsusi metodla hesablanır. Buna qədər kişilər 63, qadınlar 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edirdi. Qadınların daha çox ömür sürməsi tendensiyası nəzərə alınaraq, balans yaradılması qərarı verildi. Üstəlik, hər iki cins üçün pensiya yaşının 65-ə çatdırılması prosesi başladı. Kişilər bu həddə 2020-ci ilin iyulun 1-də çatdı. Qadınlarda isə proses iki il sonra başa çatacaq. 2027-ci ildə ölkədə hamı yaşa görə 65 yaşı tamam olanda pensiyaya çıxa biləcək.

Bəs görəsən, qadınların ömrünün orta hesabla kişilərdən uzun olmasına səbəb nədir?

"Alkoqola daha çox meylli olan kişilər az yaşayırlar"

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, Azərbaycanda kişilərin ömrünün qısa olması bir çox faktorlarla bağlıdır.

Professorun sözlərinə görə, burada fizioloji məqamlar da var:

“Birincisi ürək-damar xəstəliklərinin artmasıdır. Təəssüf ki, azərbaycanlı kişilərin əksəriyyəti aktiv həyat tərzindən uzaqdır. Yəni idmanla, fiziki işlə məşğul deyillər, qidalanmaya diqqət etmir, artıq çəki ilə üzləşirlər.

Məlum olduğu kimi, ailədə məsuliyyət daha çox kişinin üzərinə düşür və bütün bunlar hamısı ürək-damar xəstəliklərinin  sayını artırır. Orqanizmə daxil olan kalori ilə sərf olunan kalori arasında disbalans var. Çox qida qəbul edilir, az hərəkətlilik olur. Bu da əmək qabiliyyətini aşağı salır, insanın ömrünü qısaldır.

Daha bir fakt: kişilər alkoqola daha çox meylli olurlar. Bu məqam son vaxtlar daha da artıb və kişilərin ömrünün azalmasına gətirib çıxaran amildir. Həmçinin onkoloji xəstəliklər artıb. Əgər aktiv, düzgün həyat tərzi olsa, qadınlarla kişilər arasında uzunömürlülük fərqi az olar”.

“Rəqəmlərin çoxu həqiqət deyil, bu cür statistikalara inanmıram”

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, bəzən qadınların yaşları şişirdilir.

Sosioloq vaxtilə bu problemi araşdırdığını vurğulayıb:

“Yəni mənə tanış məsələdir. Qadınların bir hissəsi həqiqətən də uzunömürlüdür. Bunun tibbi nöqteyi-nəzərdən izahı var. Qadınlar uşaq dünyaya gətirəndə qan təzələnməsi olur. Fiziki işlərin çoxluğu da mühüm amildir. Qadınlar evdə çox işlər görürlər, yəni bir çox amillər qadınları uzunömürlü edir.

Bu sahədə həm də bir yalançı statistika var. Bunu çoxları bilməsə də, mən dəqiq bilirəm. Sovet İttifaqı yeni qurulanda yaşlı kişilər cavan qızlarla ailə həyatı qurardılar. Sovet dövründə bunun üzə çıxmasından qorxurdular. İstəmirdilər, kimsə bilsin ki, 40 yaşında kişi gedib 14 yaşında qız alıb.

Məsələn, bizim kənddə qonşumuz Fatma xala ilə anam eyni ayda anadan olublar, uşaqlıq dostu olublar. Bir gün eşitdik ki, Fatma xalanın 100 yaşı tamam olur. Həmin vaxt anamın 79 yaşı var idi. Bu necə olur? Dedilər ki, o vaxt Fatma ailə quranda mollaya ərə gəlib, yaşını gizlədiblər. Həmin vaxt qadınlar çarşabda olduğundan üzləri görünmürdü. Qapıdan soruşublar ki, necə yaşın var? O da özünə uyğun bir yaş deyib. Əhalini siyahıya alanda belə yalançı statistika çox olub.

Yəni, bu cür statistikalar o dönəmdən formalaşmağa başlayıb. Həmin rəqəmlərin çoxu həqiqət deyil. Ona görə də bu cür statistikalara inanmıram”.

“Qadınların uzunömürlülüyü həm tibbi məsələdir”

Mövzu ilə bağlı həkim-terapevt Rasif Bağırov bildirib ki, qadınların uzunömürlü olmasına səbəb təkcə psixoloji amillər deyil, həm də tibbi məsələlərdir.

Həkim-terapevt qadınlarda estrogen hormonu kişilərdəki testosteron hormonundan daha güclü olduğunu qeyd edib:

“Bu isə qadın metabolizmasının daha yaxşı inkişafı üçün önəmli faktordur. Yəni 55-60 yaşına qədər qadınlarda bu proses gedə bilir. Bu gün qadınlarda ürəktutması halına daha az rast gəlinir, nəinki kişilərdə. 50-55 yaşında bir kişinin infarkt olması halı həmin yaşdakı qadının infarkt olması halından daha çoxdur. Yəni səbəblər müxtəlifdir. Qadınlar stressdən daha rahat qurtula bilirlər. Kişilərin isə hansısa üzgün, bədbin anlarını göstərmək əvəzinə, ürəyinə saldığını bilirik. Bu və digər amillər səbəbindən qadınlar kişilərdən daha çox ömür sürə bilirlər”.

Seçilən
40
hafta.az

1Mənbələr