AZ

Çoxlsaylı insan ölümü ilə nəticələnən qəzalar artıb – Kimi həbs edəcəklər?

Bu gün saat 05:00 radələrində Şəmkir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəzanın mikroavtobus sürücüsünün ürəktutmadan dünyasını dəyişməsi səbəbindən baş verdiyi bildirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən açıqlamada qeyd olunub ki, qəza törədən sərnişin mikroavtobusu sifarişli daşımaları müvafiq sənədlər – fərqlənmə nişanı, buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirirmiş.

Bəs sənədsiz sərnişindaşıma fəaliyyəti niyə hələ də davam edir və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 

Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, rəsmi açıqlamalara inansaq, həmin sürücü qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub:

“Problem də elə budur. Yəni, belə faciələr baş verən kimi əsas diqqət nəyə yönəlir? Qanunsuz sərnişindaşıma fəaliyyətinə.

Qanuni sərnişindaşıma fəaliyyəti göstərənlər arasında da xəstələr var, hansısa qanun-qaydanı pozanlar da var. Gündəlik reysqabağı tibbi müayinə hansı formada aparılır? Reysqabağı texniki müayinə necə, harada aparılır? Yəni, mücərrəd məsələlər çoxdur.

Təəssüf ki, bu cür məsələlər yalnız belə faciəli hadisələr baş verəndə yada düşür və sonra unudulur. Əlbəttə ki, bu, yaxşı hal deyil. Bir qəzada 7 nəfər ölür və məlum olur ki, sürücünün ürəktutması xəstəliyi var imiş. Avtomobildə də nə fərqlənmə nişanı olub, nə buraxılış vəsiqəsi, nə də buraxılış kartı.

Bir zamanlar avtovağzaldan kənar hərəkət edən mikroavtobusları qanunsuz adlandırırdılar və bir müddət sonra onlara da imkan yaradıldı ki, işləsinlər. Şərt qoyuldu ki, fərqlənmə nişanı, buraxılış vəsiqəsi, buraxılış kartı alsınlar. Bəs bu məsələ necə tənzimlənir? Harada yoxlanılır? Bu maşınları kim yoxlayır? Hansı servis yoxlayır? Bu adam xəstədirsə, sükan arxasında nə işi var? Açıq qalan suallar çoxdur və bu sualların cavabını tapmaq bir az çətin məsələdir.

Qanunun hərfi mənasından danışırsan, adamlar deyir: “Mənim çörəyimə bais olursunuz.”


Qanuna göz yumursan, belə faciələr baş verir. İnsanlardan qanun tələb edirsən, qanunsuzluğa daha çox maraq göstərirlər. Yəni, nəqliyyat sistemi o qədər qarışıq bir məsələdir ki, nəyi necə eləmək lazım olduğunu hamı bilir, amma çox adam əməl etmir. “Niyə əməl etmirsən?” deyəndə də, hamı yaxasını kənara çəkir: “Başqaları niyə eləmir, mən niyə edim?”. Düşüncə tərzimiz dəyişmədikcə, qaydalar, qanunlar da işləməyəcək. Əgər o sürücünü yolda bir polis saxlayıb, müayinə sənədlərinə baxsaydı, görsəydi ki, sənədləri düz deyil, o zaman xətdən uzaqlaşdırsaydə görün oradakı sərnişinlər o polisin başına nə oyun açar. Gözünü çıxararlar ki, sən nə danışırsan, nə xəstəlik, görmürsən, adam normaldır, sürür.

Yəni, belə incə məsələlər var, bəzən vətəndaşlar da buna göz yumur. Məsələn, dəfələrlə çağırışlar olub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və digər qurumlar tərəfindən çağırışlar olub ki, bu cür səfərlərə çıxarkən etibarlı məntəqələrlə əlaqə saxlayın. 

Avtovağzaldan sifariş versəydilər, daha etibarlı və təminatlı olardı. Amma əminəm ki, o avtobusda ölənlərdən və ya yaralılardan kiminsə qohumu, tanışı, tanışının tanışı deyib ki, “mənim dostumun bir maşını var, gəlsin, bizi aparsın. Belə sərnişindaşıma fəaliyyəti olmaz!

Təəssüf ki, bir hadisədə 7 nəfəri itirmişik. Nə qədər insan xəsarət alıb, travma yaşayıb, onlar da ömürlük bu travmanın şokunda qalacaqlar. Bu, sonuncu hadisə olacaqmı? Təəssüf ki, yox!

Belə hadisələr az çox fərqlə hər ay təkrarlanır. Bir qəzada iki və daha artıq adamın ölüm halları çoxalıb. Yəni, statistik göstəricilərə baxanda yol-nəqliyyat hadisələrinin ümumi sayında azalma var. Amma bir qəzada çoxsaylı ölüm hallarının sayı artır. Bu da qəzanın ağırlıq dərəcəsinin və cəmiyyətdə yaratdığı şokun artdığını göstərir.


Bir qəzada 7 nəfərin ölümü az göstərici deyil. Başqa bir ölkədə, məsələn, İsveçdə belə bir hadisə olsaydı, ən azı 7-8 nazirlikdən ibarət komissiya yaradılar, ciddi araşdırma aparılardı. Bizdə isə bir cinayət işi açılacaq, polis idarəsində araşdırılacaq. Sürücü sağdırsa, 5 il həbs alacaq. Ölübsə, işə xitam veriləcək. Nəticədə məsul olan heç kim cəzalanmayacaq. Proses yenə bu cür davam edəcək”.

Eltac Zülfüqaroğlu

Seçilən
35
1
avtosfer.az

2Mənbələr