“Komandada hər şey öz qaydasındadır. Artıq Konfrans Liqasındakı oyunu unutmuşuq və məşqlərimizi böyük istəklə davam etdiririk”.
İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev deyib.
Müdafiəçi komandasının Konfrans Liqasında “Hayduk”a məğlubiyyətdən sonrakı durumundan danışıb: “Çempionata tam motivasiya ilə hazırlaşırıq. “Hayduk”la hər iki oyunda yaxşı mübarizə apardıq, baxımlı oyun göstərdik. Mərhələni keçə bilərdik. Təcrübəli rəqibə qarşı oyun baxımından geri qalmadıq. Bu qarşılaşmalar bizim üçün böyük təcrübə oldu və gələcəkdə avrokuboklarda iştirak üçün ciddi təkan verəcək. Çempionatın başlanmasına az vaxt qalıb. Hazırda bütün diqqətimiz qarşıdakı oyunlardadır. Komandamızda bəzi zədəli futbolçular var. Onlar da tam hazır olduqdan sonra optimal heyətlə çempionata başlaya biləcəyik”.
Kapitan Premyer Liqada komanda sayının çoxalmasının rəqabət yaradacağına inandığını bildirib: “İldən-ilə Premyer Liqanın səviyyəsi yüksəlir. Bu mövsüm çempionatda 12 komanda olacaq. Rəqib klublar da heyətlərini formalaşdırır və hamısı iddialıdır. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedəcək. Biz artıq iki ildir avrokuboklarda iştirak edirik və bu mövsüm də eyni uğuru təkrarlamaq istəyirik”.
İdman.biz