Son dövrlər Azərbaycandakı bir sıra ali təhsil müəssisələri təhsil haqlarını artırmağa başlayıblar. Müşahidələr göstərir ki, yeni tədris ilindən bəzi dövlət və özəl universitetlərdə təhsil haqqı 15-20 faiz civarında bahalaşacaq. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) təhsil haqlarında artıma getdiyini təsdiqləyib. Bakalavriat səviyyəsində illik ödəniş 2 300 manatdan 2 400 manata, magistratura səviyyəsində isə 2 500 manatdan 2 700 manata qədər artırılıb. Universitet rəhbərliyi bu qərarı dəyişən sosial-iqtisadi tələblər, təhsil xidmətlərinin maya dəyərinin yüksəlməsi və infrastrukturun yenilənməsi ilə əsaslandırıb. Məsələ ilə bağlı verilən rəsmi açıqlamalarda qeyd olunub ki, bu artım iqtisadi əsaslara və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə həyata keçirilən islahatlara bağlıdır.
Əslində, artan inflyasiya fonunda ali təhsil müəssisələrinin əlavə gəlir axtarışına çıxması təbii görünə bilər. Təhsil haqqının artırılması yalnız maliyyə məsələsi deyil. Bu məsələ birbaşa tələbə hüquqları, sosial bərabərlik, ölkənin təhsil strategiyası və gələcək intellektual potensialı ilə bağlıdır. Belə bir sual meydana çıxır: təhsil haqqı artırılan universitetlər eyni sürətlə tədris keyfiyyətini, infrastruktur şəraitini, kadr potensialını və beynəlxalq rəqabət qabiliyyətini də artırıbmı? Ümumiyyətlə, təhsil haqları verilən təhsilin keyfiyyətinə adekvatdırmi?
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq bir sıra Avropa ölkələrində təhsil haqları aşağıdır. Məsələn, Fransa, Çexiya, Norveç, Finlandiya, İsveçrə kimi ölkələrdə dövlət universitetləri tam pulsuzdur. Almaniyada 2006-cı ildən dövlət təhsil müəssisələrində ödəniş tətbiq olunur. Amma ödənişlərin məbləği elə də yüksək deyil – hər semestr üçün 200-300 avrodan 500 avroyadək, illik isə orta hesabla 500-1000 avrodur.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyir ki, ali təhsil müəssisələrində ödənişli təhsilə görə müəyyən edilmiş məbləğ mümkün qədər aşağı salınmalıdır.
Ekspertin fikrincə, Azərbaycanda illik təhsil haqlarının region ölkələrlə müqayisə etdikdə olduqca çoxdur:
“Hər hansı bir universitetin turizm işinin təşkili ixtisasının illik təhsil haqqı Maliyyə ixtisasının təhsil haqqından daha çoxdur. Burada məqsəd az bal toplayan abituriyentləri “tor”a salmaqdır. Baxın, bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha çoxdur. Niyə? Çünki universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan, “təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar. Nəticədə universitet qazanacaq. Halbuki, ödənilən təhsil haqqı, təhsilin keyfiyyətindən yüksəkdir. Alınan məbləğ müqabilində keyfiyyət təhsil verilmir. Tələbənin ödədiyi illik təhsil haqqı ilə ona keçilən dərsin keyfiyyəti arasında böyük ziddiyyət var. Bir neçə universiteti çıxmaqla Azərbaycanda fəaliyyət göstərən heç bir ali təhsil ocağının “kampus”ları yoxdur, yataqxanalar bərbad vəziyyətdədir, laboratoriyalarında iş aparılmır. Müasir təhsil standartları və innovasiyalara cavab verən təhsil bazaları da yoxdur. Əgər tələbələri bununla təmin etmiriksə, bu qədər yüksək təhsilhaqqı tələbi də səhvdir. Təhsil haqqı artırılsa, burada təhsilin keyfiyyətində də artım olmalıdır, o cümlədən, universitetin infrastrukturu, tələbələr üçün komfort yaxşılaşdırılmalıdır. Əgər bunlar olmursa, sadəcə təhsil haqqı artırılırsa, bu, gələcəkdə fəsadlar yarada bilər. Bu fəsadlara tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırmaq məcburiyyətində qalması da daxildir. Halbuki dövlət başçısı konkret olaraq dəfələrlə bildirir ki, hər bir tələbə üçün təhsilin əlçatanlığı təmin olunmalıdır”.
Ekspert xatırladıb ki, tələbələrin təhsilə əlçatanlığını prioritet olaraq götürdüyümüz zaman biz bu yolda imzalanmış digər fərmanla qarşılaşırıq:
“Bu, Tələbə Təhsil Kredit Fondunun yaradılmasıdır. Bu tələbələrin təhsillərini rahat formada davam etdirmələri üçün yaradılmış bir fonddur. Oradan sosial və standart kredit olmaqla müəyyən qədər kredit götürə bilirlər və təhsillərini davam etdirirlər. Bütün bunlar onu deməyə əsas verir ki, təhsil haqqının artırılması ilə maraqlı olan universitet rəhbərləri, o cümlədən universitetlərin pedoqoji şuraları da ailələrin büdcələrini və gəlirlərini nəzərə aldıqdan sonra qərar verməlidirlər”.
E.Əfəndi hesab edir ki, Avropa və qardaş Türkiyənin bəzi nüfuzlu universitetlərinin təhsil haqlarını belə Azərbaycan universitetlərindən daha münasib hesab etmək olar:
“Düşünürəm ki, bu ödənişləri tənzimləyən mexanizm olmalıdır, xüsusi qurumun yaradılmasına ehtiyac var. Hər universitet istədiyi kimi qiymət qoyduqda pərakəndəlik yaranır. Düzdür, Nazirlər Kabinetinin təhsil haqları ilə bağlı qərarı mövcuddur, lakin orada da bu məsələnin hansı qurum tərəfindən idarə edilməsi ilə bağlı konkret müddəa yoxdur”.
Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri isə bildirir ki, Azərbaycan universitetləri dünyanın nüfuzlu ali təhsil müəssisələrindən fərqli olaraq, hələlik özünü maliyyələşdirmə imkanına malik deyil.
Onun sözlərinə görə, universitetlərin maliyyə müstəqilliyinə nail olması üçün elm-sənaye, elm-innovasiya və elm-biznes əlaqələrinin inkişaf etməsi vacibdir:
“Əgər bu mexanizmlər qurularsa, ali məktəblər əmək bazarına və biznes sektoruna öz məhsulları və daxili potensialları ilə çıxış edərək büdcələrini formalaşdıra bilərlər. Dünyanın tanınmış universitetləri məhz belə mexanizm sayəsində büdcələrini təmin edir və bu vəsaitlər orada çalışan alimlərin, tədqiqatçıların və laboratoriya işçilərinin maaşlarını qarşılamağa kifayət edir”.
Ekspert vurğulayır ki, bəzi hallarda təhsil haqlarının artırılması universitetlərdə tətbiq olunan yeniliklərin və təkmilləşmələrin maliyyələşdirilməsi üçün zəruri olur:
“Təbii ki, bu vəziyyət valideynlərin maddi yükünü artırır. Məsələyə daha dərindən baxdıqda və universitet rəhbərləri ilə ünsiyyətdə haqlı məqamların olduğunu görmək mümkündür. Bu xərclərə müəllim heyətinin saxlanması, infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizlik və digər əlavə ehtiyaclar daxildir. Bəzi hallarda tələbəyə sərf olunan vəsait ondan alınan təhsil haqqını da üstələyir. Bu isə universitetləri təhsil haqlarını artırmağa məcbur edir. Bəzən bu artımlar əsaslı səbəblərlə yox, lüzumsuz hallarda tətbiq oluna bilər. Amma universitetlər öz potensiallarını inkişaf etdirmədikcə və tələbəyə yalnız gəlir mənbəyi kimi yanaşdıqda, bu prosesin dəyişməsi mümkün görünmür”.