AZ

Çiyələk ixracında REKORD ARTIM

Yazını böyüt
Yazını kiçilt

Çiyələk ixracındakı artım tendensiyası Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının strateji inkişaf prioritetlərinə uyğunluğunu təsdiqləyir"

Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarını genişləndirməkdə davam edir. Son aylarda bu istiqamətdə xüsusilə diqqət çəkən məhsullardan biri də çiyələk olub. Rəqabətli dadı, təbii yetişdirilmə şəraiti və ixracyönümlü keyfiyyəti ilə seçilən bu giləmeyvə artıq təkcə daxili bazarın deyil, xarici alıcıların da diqqətini cəlb edir. Rəsmi statistik göstəricilər isə çiyələk ixracının artım dinamikasını açıq şəkildə ortaya qoyur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ümumilikdə 27 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 milyon dollar və ya 20 faiz artım deməkdir. Bu, təkcə bir məhsul üzrə deyil, ümumilikdə ölkənin qeyri-neft sektorunun ixracında müşahidə edilən yüksəlişin tərkib hissəsi kimi də qiymətləndirilə bilər.

Xüsusilə iyun ayı üzrə statistikalar diqqət çəkir. Belə ki, yalnız bu ay ərzində çiyələk ixracından əldə olunan gəlir 14,5 milyon ABŞ dollarına çatıb. Bu isə 2024-cü ilin iyun ayı ilə müqayisədə 4,9 milyon dollar və ya 51,04 faiz çoxdur. Başqa sözlə desək, Azərbaycan çiyələk ixracını bir il ərzində yarıdan çox artırmağa nail olub. Bu artım həm məhsulun həcminin, həm də keyfiyyətinin yüksəldiyini, dünya bazarlarında Azərbaycan çiyələyinə olan marağın artdığını göstərir.

Ümumilikdə, 2025-ci ilin ilk altı ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft ixracındakı bu artım tendensiyası kənd təsərrüfatı məhsullarının ixracındakı genişlənmə ilə sıx bağlıdır. Xüsusilə də meyvə-tərəvəz sektorunun, o cümlədən çiyələk kimi ixracyönümlü məhsulların rolu burada mühüm əhəmiyyət kəsb edir.

Ekspertlərin fikrincə, bu artımın bir neçə əsas səbəbi var. Birincisi, aqrar sahəyə yönəldilən dövlət dəstəyi, fermerlərin maarifləndirilməsi və müasir aqrotexniki üsullardan istifadənin genişləndirilməsi məhsuldarlığın artmasına şərait yaradır. İkincisi, logistik imkanların təkmilləşdirilməsi məhsulların daha tez və itkisiz şəkildə xarici bazarlara çatdırılmasını təmin edir. Üçüncüsü isə beynəlxalq bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatın artmasıdır.

Qeyd edək ki, çiyələk təkcə gəlir gətirən məhsul deyil, eyni zamanda kənd yerlərində əhalinin məşğulluğunun artırılmasında da mühüm rol oynayır. Çiyələk istehsalı üçün əmək tələb edən sahələrə üstünlük verilməsi, xüsusilə qadınların və gənclərin bu sahədə fəaliyyət göstərməsi sosial-iqtisadi baxımdan da müsbət nəticələr verir.

Hazırda çiyələk əsasən Azərbaycanın cənub və şimal bölgələrində becərilir. Bu bölgələrin iqlim və torpaq şəraiti çiyələyin yüksək keyfiyyətli məhsul kimi yetişdirilməsinə imkan verir. Müasir istixana sistemlərinin tətbiqi isə mövsüm müddətini uzadır və məhsulun ilboyu tədarükünü təmin edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının, o cümlədən çiyələyin xarici bazarlara çıxış imkanları təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən siyasət davamlı olaraq dəstəklənərsə, yaxın illərdə çiyələk və digər məhsulların ixracında daha böyük rəqəmlərin şahidi olmaq mümkündür.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Əli Əlirzayev bildirir ki, son illər ixrac dəyərindəki artım Azərbaycanın aqrar məhsullarının keyfiyyətinə olan beynəlxalq etimadın nəticəsi kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, bu gün dünyada təbii və orqanik qida məhsullarına artan tələbat fonunda, Azərbaycanın iqlim şəraiti, torpaq ehtiyatları və əkinçilik ənənələri yüksək keyfiyyətli meyvə və tərəvəz istehsalına əlverişli zəmin yaradır:

“Bu potensialın düzgün dəyərləndirilməsi və ixrac yönümlü istehsal strategiyalarının həyata keçirilməsi məhsul çeşidlərinin artmasına və ixrac portfelinin şaxələndirilməsinə səbəb olur. Bu baxımdan, çiyələk ixracının artımı həm də bütövlükdə aqrar ixrac strukturunda müsbət dəyişikliklərin göstəricisidir. Eyni zamanda, çiyələk ixracındakı artım tendensiyası Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının strateji inkişaf prioritetlərinə uyğunluğunu təsdiqləyir. Qeyri-neft sektorunun ixracda payının artması ölkənin iqtisadi təhlükəsizliyini gücləndirməklə yanaşı, valyuta daxilolmalarını da şaxələndirir. Bu isə manatın sabitliyinə dəstək olmaqla yanaşı, ölkənin xarici ticarət balansının müsbət istiqamətdə dəyişməsinə şərait yaradır. Davamlı və hədəflənmiş dəstək siyasətləri ilə müşayiət olunarsa, bu tendensiyanın orta və uzunmüddətli perspektivdə daha dayanıqlı nəticələr ortaya qoyacaq”.

Seçilən
18
hafta.az

1Mənbələr