Qan qohumluğu varsa və nikah rəsmiləşdirilərsə, ciddi sosial və hüquqi problemlər ortaya çıxa bilər”
Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün yeni sənəd tələbi tətbiq olunmağa başlayıb. Qanunvericilikdə nəzərdə tutulan dəyişikliyə əsasən, nikahın rəsmiləşdirilməsi zamanı yalnız ər və arvad namizədinin deyil, həm də onların valideynlərinin doğum haqqında şəhadətnamələri təqdim edilməlidir. Məqsəd qan qohumluğu əsasında olan evliliklərin qarşısını almaqdır. Bu yeni qayda, artıq bəzi hallarda nikahların gecikməsinə və vətəndaşların narazılığına səbəb olub.
Belə ki, son günlər nikah üçün qeydiyyat şöbələrinə üz tutan bəzi vətəndaşlar yeni sənəd tələbi ilə qarşılaşıb. Nikah üçün ərizə təqdim edən şəxslərdən həm özlərinə, həm də valideynlərinə aid doğum haqqında şəhadətnamələrin təqdim olunması tələb edilir. Səbəb kimi bəzi qohum evliliklərinin sonradan ailədaxili və ya genetik problemlərə yol açması göstərilir. Tətbiq olunan bu inzibati mexanizm bir sıra hallarda əlavə problemlər doğurur.
Şikayətçilərdən biri bildirir ki, atasının doğum haqqında şəhadətnaməsi illər əvvəl itib. Həmin sənəd elektron sistemdə də mövcud deyil. Sənədsiz nikah qeydə alınmadığından, toy hazırlıqları artıq təxirə salınıb. Sənədin bərpası isə vaxt aparan prosedurdur. Beləliklə, ailə həyatı qurmaq niyyətində olan şəxslər əlavə stress və bürokratik maneələrlə qarşılaşırlar.
Yeni tələbin texniki çətinliklər yaratdığı digər hallardan biri də valideynlərdən birinin ailədən ayrılması, vəfat etməsi və ya sənədlərinin itməsi ilə bağlıdır. Əgər valideynlərdən birinin şəhadətnaməsi tapılmırsa, nikah sənədləri tam hesab edilmir. Əlavə olaraq, bəzi rayon qeydiyyat idarələrində bu sənədlərin arxivlərdən əldə olunması çətinlik yaradır.
Xatırladaq ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, iyulun 1-dən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan olunub. Bu ilin 6 ayı ərzində ümumilikdə 24 786 nikah qeydə alınıb kı, onlardan da 1429-u bioloji qohumluğu olan şəxslər arasında bağlanıb.
Ədliyyə Nazirliyindən yaranmış problemlə bağlı bildirilib ki, nikahın qeydə alınması üçün vətəndaşın atasının və ya anasının doğum haqqında şəhadətnaməsi tapılmadıqda əlavə məlumatlar tələb edilə bilər və bu barədə vətəndaşa məlumat verilir:
“Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq əlaqələrinin mövcud olması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılır. Bu məlumatların informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda nikaha daxil olmaq istəyən şəxslərin və onların valideynlərinin doğumu haqqında şəhadətnamələrin surəti nikaha daxil olmaq haqqında ərizəyə əlavə edilir. Valideynlər doğum haqqında şəhadətnaməsini itirdiyi halda özləri (onlar öldükdə isə vərəsələri) seçdiyi yer üzrə qeydiyyat şöbəsinə müraciət etməklə təkrar şəhadətnamə (və ya arayış) əldə edə bilərlər.
Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda ərizəçilərin qohum olub-olmadıqlarını müəyyən etməyə imkan verən əlavə sənədlər tələb oluna bilər. Tələb oluna biləcək əlavə sənədlərin siyahısı qeydiyyat şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlara bildirilir”.
Mövzu ilə bağlı hüquqşünas Səidə Əliyeva bildirib ki, Ailə Məcəlləsinə əsasən, birinci və ikinci dərəcəli qohumlar arasında nikah qadağandır və dövlət orqanları bu məsələdə məsuliyyət daşıyır.
Onun sözlərinə görə, bu tələbin hüquqi əsası var:
“Əgər vətəndaşlar arasında qan qohumluğu varsa və bu nikah rəsmiləşdirilərsə, gələcəkdə ciddi sosial və hüquqi problemlər ortaya çıxa bilər. Dövlət bu riskləri minimuma endirmək istəyir. Sənəd tələbinin tətbiqi zamanı çevik mexanizmlər olmalıdır. Məsələn, sənədi tapmaq mümkün deyilsə, alternativ hüquqi yollarla, notarius təsdiqli bəyanat və ya arxivdən alınmış qısa arayışla proses davam etdirilə bilər”.