AZ

"Regionşünaslıq" ixtisası 10 illərdir gəncləri "avara" gününə qoyub, indi deyirlər ki...


Kamran Əsədov: “Regionşünaslıq hazırkı formatda formal xarakter daşıyır və ciddi təhlil və islahatlara ehtiyac duyur, əks halda…”

Ali məktəbə qəbul zamanı abituriyentlər ballarına uyğun olaraq ixtisas seçir. Ancaq bəzi abituriyentlərin balları aşağı olduğu üçün onlar əmək bazarında heç bir mövqeyi olmayan ixtisasları seçirlər.

Həmin ixtisaslardan biri də regionşünaslıqdır. Hazırda bu ixtisas əmək bazarında heç bir rol oynamır, məlum fakültəni bitirənlər gələcəkdə iş tapmaqda çətinlik çəkir.

Ekspertlər hesab edir ki, regionşünaslıq ixtisasını bitirənlər sonra harada və hansı peşə üzrə çalışacaqlarını dəqiq bilmirlər. Bu isə onu "naməlum gələcəyə malik" ixtisaslardan birinə çevirir.

Maraqlıdır, bu sahənin gələcəyi varmı, yoxsa bu ixtisas sadəcə formal xarakter daşıyır?

“Regionşünaslıq ixtisası hazırda Azərbaycanda “naməlum gələcək” kateqoriyasında olan, strukturlaşdırılmamış, peşə standartı və məşğulluq strategiyası müəyyən edilməmiş sahədir”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, regionşünaslıq ixtisası son illərdə Azərbaycan ali təhsil sistemində sürətlə artan, lakin məqsədyönlü şəkildə inkişaf etdirilməyən və nəticə etibarilə məzunlarının əmək bazarında özlərinə yer tapa bilmədiyi ixtisaslardan biridir. Bu ixtisas zahirən müasir, beynəlxalq əməkdaşlıq yönümlü, analitik potensial tələb edən bir sahə kimi təqdim edilsə də, reallıqda həm kadr hazırlığı strategiyası, həm də sonrakı məşğulluq imkanları baxımından ciddi problemlər yaşayır: “Əvvəla, “regionşünaslıq” dedikdə konkret hansı regionlar, hansı istiqamətlər, hansı təhlil bacarıqları nəzərdə tutulur – bu suallara nə proqramlar, nə də tədris materialları tam cavab verir. Məsələn, bəzi universitetlərdə “Avropaşünaslıq”, “Amerikaşünaslıq”, “Yaxın Şərq regionşünaslığı” kimi alt ixtisaslar olsa da, bu istiqamətlər üzrə tədris proqramları çox zaman tarixi, coğrafi və ya səthi siyasi məlumatlarla kifayətlənir. Əsasən dil öyrədilir, amma həmin dilin və regionun real iqtisadi, hüquqi, sosial və diplomatik sistemləri haqqında dərin biliklər verilmir. Bu isə məzunları sadəcə məlumat daşıyıcısına çevirir, funksional mütəxəssisə yox. Digər problem, regionşünaslıq ixtisasının hansı peşə standartına uyğun yetişdirilməsidir. Məsələn, hüquqşünas – hüquq sisteminə, müəllim – pedaqoji sahəyə, həkim – səhiyyəyə uyğun formalaşdırılır. Bəs regionşünas nədir? Diplomatik kadrdırmı? Yox. Tərcüməçidirmi? Qismən. Jurnalistdirmi? Dəqiq deyil. Elmi-tədqiqatçıdırmı? Çox nadir hallarda. Deməli, bu ixtisas üzrə məzunların əksəriyyəti diplom əldə etdikdən sonra ya başqa ixtisas üzrə yenidən təhsil almalı olur, ya da qeyri-ixtisas sahələrində (məsələn, satış, xidmət, tərcümə xidməti, fərdi repetitorluq və s.) fəaliyyət göstərməyə məcbur qalır. Bu isə həmin ixtisasın “formallığını” təsdiqləyir.

Əmək bazarının tələblərinə gəlincə, regionşünaslıq üzrə vakansiyaların sayı olduqca azdır və onlar əsasən dövlət qurumlarında (XİN, səfirliklər, bəzi analitik mərkəzlər) mövcuddur. Lakin bu vəzifələrə qəbul çox çətin, rəqabətli və əlavə bilik və bacarıqlar (məsələn, hüquq, beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat) tələb edən sahələrdir. Beləliklə, sırf “regionşünas” diplomu ilə bu vakansiyalara düşmək real deyil.

Bütün bunları nəzərə alsaq, regionşünaslıq ixtisası hazırda Azərbaycanda “naməlum gələcək” kateqoriyasında olan, strukturlaşdırılmamış, peşə standartı və məşğulluq strategiyası müəyyən edilməmiş sahədir. Bu ixtisas yalnız ciddi islahatlar nəticəsində, yəni konkret peşə standartları müəyyən edildikdə, proqramlar beynəlxalq təcrübəyə uyğunlaşdırıldıqda və tələbələrə real iş bacarıqları verildikdə – dəyərli ola bilər. Məsələn, Avropada regionşünaslar beynəlxalq konsaltinq şirkətlərində, siyasət analitik mərkəzlərində, dövlətin xarici siyasət institutlarında, turizm və mədəniyyət sahəsində məsləhətçi və ya layihə koordinatoru kimi çalışırlar. Amma Azərbaycanda bu sahə hələ bu mərhələyə gəlib çıxmayıb.

Nəticə etibarilə, regionşünaslıq hazırkı formatda formal xarakter daşıyır və ciddi təhlil və islahatlara ehtiyac duyur. Əks halda, bu ixtisas üzrə qəbul davam edərsə, gənclərin aldatması və onların gələcəyinin qeyri-müəyyənliyə sürüklənməsi ilə nəticələnəcək. Elm və Təhsil Nazirliyi bu sahədə peşə standartları, məşğulluq göstəriciləri və tədris proqramları üzrə açıq və sistemli yanaşma ortaya qoymalıdır. Əks halda bu ixtisas bir növ “kağız üzərində var, reallıqda yox” vəziyyətinə düşəcək”.

Günel CƏLİLOVA

Seçilən
10
baki-xeber.com

1Mənbələr