AZ

Süni intellekt kimləri işsiz qoyacaq?

Texnologiya sektorunda ötən illə müqayisədə 36 faiz artımla 89 mindən çox işçi işdən çıxarılıb. Bu barədə ötən həftə “Challenger, Gray, and Christmas” işədüzəltmə agentliyi hesabat yayıb. Hesabata əsasən, bu şəxslərin ən azı 27 mininin birbaşa süni intellekt sistemlərinin tətbiqi nəticəsində işsiz qaldığı bildirilir. Bəs süni intellektin Azərbaycan texnologiya bazarına təsiri necə ola bilər? İKT mütəxəssisi Mehman Xəlilov Metbuat.az-a açıqlamasında bildirib ki, qlobal müşahidələrə əsasən, süni intellektin sürətli inkişafı nəticəsində 2030-cu ilə qədər 50-70 milyon insanın işini itirəcəyi gözlənilir: “Hazırda ixtisar olunan sahələrə əsasən müştəri xidmətləri və texniki dəstək, rəqəmsal məzmun tərtibatçıları, məlumat analitikləri və proqramçıların müəyyən funksiyaları daxildir. Bu, xüsusilə çatbotlar, məzmun generatorları və avtomatlaşdırılmış analiz alətlərinin geniş tətbiqi ilə bağlıdır”. M.Xəlilov qeyd edib ki, Azərbaycanda bu sahədə konkret statistik göstəricilər olmasa da, ümumi tendensiyalar burada da özünü göstərməkdədir. Lakin məsələyə təkcə iş yerlərinin ixtisarı prizmasından baxmaq düzgün olmaz: ““Challenger, Gray and Christmas” agentliyinin hesabatında göstərilən rəqəmlər əsasən işəgötürən və işçilərin verdiyi elanlara əsaslanır. Bu da o deməkdir ki, real mənzərə yalnız bu rəqəmlərlə məhdudlaşmır. Əslində, süni intellektin tətbiqi ilə paralel olaraq yeni sahələr və iş imkanları yaranır. Bu, bir növ sənaye inqilabıdır və bu inqilabın əsas xüsusiyyəti texnologiya ilə paralel şəkildə sahibkarlığın, fərdi fəaliyyətin və yeni peşələrin artmasıdır”. Ekspertin sözlərinə görə, rəqəmsal məzmun sahəsində çalışan işçilərin ixtisarı, əslində, onların tamamilə işsiz qalması anlamına gəlmir: “Hesabatı oxuduqda ilk təəssürat bundan ibarət olur ki, süni intellekt böyük miqdarda işsizlik ordusu yaradacaq. Əslində isə məsələ başqadır. Hazırkı ixtisarlar yeni sənaye inqilabının ilk addımıdır. Bu addımla paralel olaraq digər addımlar da atılır. Ən əsas addım isə cari məsələdə süni intellektin yaratdığı imkanlarla yeni iş yerlərinin açılması və özünüməşğulluğun artmasıdır. Süni intellektin inkişafı ilə əlaqədar bazarda rəqəmsal məzmun tərtibatçıları iş yerlərində ixtisara düşür. Bunun baş vermə səbəbi nədir? Süni intellekt işi asanlaşdırdığına görə bu sahədə fəaliyyət göstərən şirkətlər müştərilərdən daxil olan sifarişləri daha az işçi resurs sərf etməklə yerinə yetirə bilir. Bəs ixtisara düşmüş işçilər işsizmi qalır? Xeyr. Növbəti mərhələdə onların bir hissəsi özlərinə bu istiqamətdə fəaliyyət göstərən şirkətlər açır, digər bir qismi isə fərdi sahibkar kimi fəaliyyət göstərir — ya birbaşa öz sahəsində, ya da yanaşı sahələrdə, məsələn, blogger kimi. Nəticə etibarı ilə bazarda rəqabət artır, iş asanlaşdığına görə qiymətlər enir və bir zaman yalnız iri və orta şirkətlərin imkanı daxilində olan rəqəmsal məzmun sifarişləri artıq daha əlçatan olur və bu xidmətlərdən kiçik şirkətlər də, fərdi sahibkarlar da yararlana bilir. Beləliklə, biz görürük ki, süni intellekt bazarda işsizlik yaratmır, əksinə, nəticədə biz daha inkişaf etmiş bazara malik oluruq— qiymətlər düşür, xidmət əlçatan olur, sahibkarlıq inkişaf edir”. M.Xəlilov gələcəkdə texnologiyaların yaradacağı yeni peşə sahələri barədə də danışıb. Onun sözlərinə görə, bu sahəyə artıq indi formalaşmaqda olan yeni peşə qrupları daxildir: Prompt mühəndislər - Bu mütəxəssislər süni intellekt modellərinin idarə edilməsi üzrə ixtisaslaşmış şəxslərdir; Data etiketi, sünu intellekt etiketi üzrə mütəxəssislər - Bu mütəxəssislər məlumatların və süni intellekt sistemlərinin ədalətli, şəffaf, ayrı-seçkilik olmadan və məsuliyyətli şəkildə işlənməsinə və tətbiqinə nəzarət edirlər; Süni intellektin inkişaf strategiyası üzrə hüquqi müşavirlər - Bunlar süni intellektin tətbiqi və inkişafı üçün hüquqi çərçivələr qururlar; Süni intellektin tədrisinə və ixtisasartırma proqramlarına istiqamətlənən təlimçi və mentorlar; Süni intellekt infrastrukturu üzrə mütəxəssislər - Bu mütəxəssislər verilənlər mühəndisliyi, bulud platformaları və digər bu kimi sahələri süni intellektə inteqrasiya etməklə onların daha sürətlə inkişafını təmir edir. Müsahibimiz vurğulayıb ki, bu baxımdan Dünya İqtisadi Forumu da optimist proqnozlarla çıxış edir: “Forumun hesabatına görə, 2030-cu ilə qədər 92 milyon iş yeri ixtisara düşsə də, 170 milyon yeni iş yeri yaranacaq. Bu isə ümumilikdə 78 milyon yeni iş yeri deməkdir. McKinsey isə süni intellektin 20-50 milyon arası yeni iş imkanı yaradacağını bildirir. Daha maraqlısı budur ki, süni intellektdən daha çox təsirlənən sahələrdə belə vakansiyalarda 30%-lik artım müşahidə olunur. Üstəlik, süni intellektlə işləməyi bacaran mütəxəssislərin əməkhaqqı orta hesabla 50% daha yüksəkdir. Bu isə çox pozitiv perspektivdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
99
50
metbuat.az

10Mənbələr