Paytaxtın Nizami rayonunda sürücü polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib.
“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Elşən Hüseynov və 23 yaşlı Səyyad Mehdizadə saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan E.Hüseynov və S.Mehdizadə yumaq üçün onlara həvalə olunan nəqliyyat vasitəsini qaçıraraq əvvəlcə hissələrə ayırıb satmaqla “izi” itirməyə çalışıblar. Planları baş tutmadıqda avtomobili yolun kənarında tərk edərək ərazidən uzaqlaşıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.