Avropanın 10 mindən çox otelinin rəhbərliyi turizm sektorunda qlobal səviyyədə populyar olan "Booking.com" saytını məhkəməyə verməyə hazırlaşır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İddiaya əsasən, "Booking.com" öz nüfuzundan istifadə edərək 20 il ərzində bazar trendlərini öz xeyrinə dəyişməkdə ittiham olunur.
Avropa İttifaqı daxilində sektoru təmsil edən və məhkəmə prosesini başladan Avropa Mehmanxanalar, Restoranlar və Kafelər Assosiasiyası (Hotrec), artan maraq səbəbilə otel sahiblərinin iddiaya qoşulması üçün son tarixi 29 avqusta qədər uzadıb.
Avropa qonaqpərvərlik sektorunda indiyə qədər irəli sürülmüş ən böyük kollektiv iddialardan biri sayılan bu prosesə, Böyük Britaniyanın da daxil olduğu 30 milli mehmanxana assosiasiyası dəstək verir.
"Booking.com"un qanunsuz "ən yaxşı qiymət" şərtlərindən istifadə etməsi nəticəsində maliyyə itkilərinə məruz qalan otellər artıq Avropa üzrə bu təzminat təşəbbüsünə qoşulub, onların sayı 10 mini keçib," - "Hotrec"in bəyanatında qeyd olunur.
İddiada bildirilir ki, "Booking.com"un tətbiq etdiyi "ən yaxşı qiymət" öhdəliyi otellərə güclü təzyiqlərlə qəbul etdirilib və bu, onların digər platformalarda, o cümlədən öz rəsmi saytlarında daha aşağı qiymət təklif etməsinin qarşısını alıb.
Milli.Az