AZ

"Dünya ictimaiyyəti ukraynalı uşaqların dərhal və şərtsiz geri qaytarılmasını tələb edir" - BMT

"Ukraynalı uşaqların zorla deportasiyası beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır..."

Ukraynadan qanunsuz şəkildə Rusiya ərazisinə aparılan minlərlə uşaq məsələsi beynəlxalq gündəmin mərkəzindədir.

Moderator.az xəbər verir ki, bu barədə "unn.ua" nəşri yazıb.

Məlumatda deyilir ki, bu dəfə 41 ölkənin daxil olduğu geniş koalisiya, eləcə də Avropa İttifaqı və Avropa Şurası birgə bəyanatla çıxış edərək Rusiyadan konkret tələb irəli sürüb: deportasiya olunmuş ukraynalı uşaqlar dərhal və şərtsiz olaraq geri qaytarılmalıdır. Ukrayna prezidentinin "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində formalaşan bu beynəlxalq koalisiya Kanadanın və Ukraynanın birgə rəhbərliyi ilə fəaliyyət göstərir.

İyunun əvvəlində İstanbulda keçirilmiş görüş zamanı Ukrayna tərəfi Rusiyaya 339 uşaqdan ibarət ilkin siyahını təqdim edib. Bu addımın qarşılıqlı etimadı bərpa edə biləcəyi ümid edilirdi. Lakin üstündən iki aydan çox vaxt keçməsinə baxmayaraq, Moskva nə bu uşaqların geri qaytarılması üçün mexanizm təklif edib, nə də vəziyyəti dəyişmək niyyətini ortaya qoyub.

Koalisiyanın bəyanatında deyilir ki, uşaqların zorla köçürülməsi, vətəndaşlıq dəyişdirməyə məcbur edilməsi, rus ailələrinə verilməsi və ideoloji-militarist təsirlərə məruz qalması ciddi beynəlxalq hüquq pozuntusudur və beynəlxalq ictimaiyyət buna susmamalıdır. Ukrayna prezident Ofisinin rəhbəri Andrey Yermak qeyd edib: "Bu cinayətlərə bəraət yoxdur. Uşaqlar hər gün evlərindən uzaqda olduqca, ədalətsizlik davam edir. Biz susmayacağıq - hər bir uşaq ailəsinə, vətəninə, azadlığa qayıtmalıdır".

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas isə bəyan edib ki, Rusiyanın bu cinayətə görə məsuliyyət daşıması üçün yeni sanksiyalar nəzərdən keçirilir: "Uşaqlar müharibədə girov və ya alət ola bilməz. Onların hüquqları qorunmalı, aqibətləri barədə tam və təsdiqlənmiş məlumatlar beynəlxalq qurumlara təqdim edilməlidir".

Estoniya xarici işlər naziri Marqus Tsaxkna isə Rusiyanın əsas məqsədinin bu uşaqları öz doğma torpağından və kimliyindən məhrum etmək olduğunu bildirib və vurğulayıb ki, bu məqsədə çatmağa imkan vermək olmaz. Onun sözlərinə görə, Estoniya artıq bu prosesə dəstək göstərmək üçün konkret addımlar atıb, o cümlədən bu il Jitomirdə İnsan Hüquqları Mərkəzinin yaradılmasına yardım göstərib.

Avropa Şurası baş katibinin ukraynalı uşaqlarla bağlı xüsusi nümayəndəsi Tordis Gilfadottir isə yekun çağırışla çıxış edib: "Rusiyanın uşaqları müharibə siyasətinin tərkib hissəsinə çevirməsinə icazə verə bilmərik. Bu haqsızlığa son qoymaq və ədaləti bərpa etmək beynəlxalq ictimaiyyətin borcudur".

Bu çağırış fonunda bir daha aydın olur: Ukrayna uşaqlarının taleyi təkcə bir ölkənin deyil, bütün sivil dünyanın məsuliyyətidir. Bu mübarizə isə təkcə onların geri qaytarılması ilə bitmir, eyni zamanda gələcəkdə analoji cinayətlərin qarşısının alınmasına yönəlib.

Seçilən
24
moderator.az

1Mənbələr