Züriyə Ruslanqızı: “...Prezident həmin vaxt Trampın sülh prosesinə bu gün müşahidə etdiyimiz kimi real təsir göstərə biləcəyinə işarə edirdi”
Prezident İlham Əliyevin ABŞ-a səfəri mühüm tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından, eyni zamanda da regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir.
Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır.
Qeyd edək ki, Ermənisanın baş naziri Nikol Paşinyan da ABŞ-a gedib. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı ilə avqustun 8-də baş tutacaq həlledici görüşə qədər baş verən mühüm hadisələri xatırlatmaq istəyirik.
2025-ci il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyevin ona ünvanlanan suallara verdiyi cavablar dünya ictimaiyyətində geniş maraq doğurub. Xüsusilə Prezidentin ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri baxımından mühüm mesajlar kimi qiymətləndirilə bilər.
Gözləntilərin böyük olduğunu xüsusi qeyd edən Prezident İlham Əliyev deyib: “Ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.
Prezident İlham Əliyev iyulun 19-da Şuşa Forumunda bəyan etdi ki, Azərbaycan-ABŞ münasibətlərini strateji zirvələrə qaldıran tarixi hadisələr baş verəcək.
Azərbaycan Prezidenti o zaman Trampın sülh prosesinə indiki kimi təsir göstərəcəyinə işarə edirdi?
“Prezident konkret olaraq bildirir ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində strateji zirvəyə yüksəlişin baş verəcəyi bir il olacaq”
Politoloq Züriyə Ruslanqızı (Qarayeva) “Bakı-Xəbər”ə “Prezident İlham Əliyevin 2025-ci il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda verdiyi açıqlamalar, xüsusilə də Donald Trampın adını xüsusi vurğulaması və onun Cənubi Qafqazdakı roluna diqqət çəkməsi, gələcəkdə ABŞ-ın və konkret olaraq Tramp administrasiyasının regiondakı sülh prosesinə ciddi təsir göstərəcəyinə dair açıq bir mesaj kimi qiymətləndirilə bilər”-deyə bildirdi.
Z.Ruslanqızı qeyd etdi ki, Prezidentin çıxışında bir neçə əsas məqam xüsusi önəm daşıyır: “1.Tramp administrasiyası ilə konstruktiv münasibətlər - Prezident İlham Əliyev qeyd edir ki, Donald Trampın ilk prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri çox müsbət olub. Bu vurğulama, onun ikinci prezidentliyi zamanı da əlaqələrin yüksək səviyyədə davam edəcəyinə dair bir nikbinlik ifadəsidir.
2. Trampın qlobal və regional proseslərə təsiri - Dövlət başçısı bildirir ki, Tramp hazırda bütövlükdə qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə ciddi şəkildə məşğuldur. Eyni zamanda, onun Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində fəal iştirak etdiyi və uzunmüddətli münaqişənin həllinə töhfə verdiyi vurğulanır. Bu, onun vasitəçilik və diplomatik təşəbbüslərinə diqqət çəkən bir yanaşmadır.
3. Strateji zirvə və böyük gözləntilər - Prezident konkret olaraq bildirir ki, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində strateji zirvəyə yüksəlişin baş verəcəyi bir il olacaq. Bu, Vaşinqtonla Bakı arasında yeni, daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə keçidin anonsudur.
Bu kontekstdə Prezident İlham Əliyevin çıxışı, əslində, Trampın bölgədəki rolunun yalnız simvolik və ya arxa planda deyil, bilavasitə təsir gücünə malik olacağını öncədən ifadə edən bir siyasi mesajdır. Yəni bəli, Prezident həmin vaxt Trampın sülh prosesinə bu gün müşahidə etdiyimiz kimi real təsir göstərə biləcəyinə işarə edirdi”.
İradə SARIYEVA