AZ

Netanyahu: “İsrail Qəzzanı tam  nəzarətə götürəcək”

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün verdiyi açıqlamada Qəzza zolağının tam nəzarət altına alınmasının planlaşdırıldığını bildirib. Ulusal.az xəbər verir ki, o bu fikirləri təhlükəsizlik kabinetinin iclası ərəfəsində “Fox News”a verdiyi müsahibəsində səsləndirib.

Netanyahu, İsrail ordusunun hazırda Qəzzanın təxminən 75 faizinə nəzarət etdiyini, lakin əsasən Qəzza şəhərindən Xan Yunisə qədər uzanan sahənin hələ də nəzarətdən kənarda olduğunu bildirib. “Bütün Qəzzanı ələ keçirməyə niyyətliyik”, – deyə baş nazir vurğulayıb.

O bildirib ki, bu addım İsrailin təhlükəsizliyini təmin etmək, HƏMAS-ı hakimiyyətdən uzaqlaşdırmaq və bölgənin mülki idarəsinin başqa bir tərəfə verilməsini mümkün edəcək. Netanyahu “Biz Qəzzanı HƏMAS-ın dəhşətli terrorundan azad etmək istəyirik”, – deyə bildirib.

Baş nazirin sözlərinə görə, İsrail bölgəyə daimi nəzarət etməyə və orada idarəçilik qurmağa maraqlı deyil: “Biz ora daimi yerləşmək istəmirik, sadəcə onu ərəb qüvvələrinə təhvil vermək istəyirik”.

Lakin Netanyahu planın detalları barədə konkret məlumat verməyib. Bəzi təhlilçilər onun bu bəyanatlarını HƏMAS-ı atəşkəs danışıqlarında güzəştlərə məcbur etmək üçün təzyiq vasitəsi kimi dəyərləndirir.

İsrailin Təhlükəsizlik Kabineti bu axşam toplanaraq məsələyə münasibət bildirməlidir. Hətta qərar qəbul olunsa belə, əməliyyatın başlaması üçün günlər və ya həftələr lazım ola bilər.

Bu plan, demək olar ki, iki ildir davam edən müharibənin sona çatdırılması üçün beynəlxalq ictimaiyyətin çağırışlarına ziddir. İsrail son vaxtlar uzunmüddətli müttəfiqlərinin də təzyiqləri ilə üzləşir və Qəzzadakı humanitar böhranın, o cümlədən aclığın qarşısının alınması tələb olunur.

İsrail ordusunun Baş Qərargah rəisi general Eyəl Zamir isə bu planla bağlı narahatlığını ifadə edib. Təhlükəsizlik orqanlarındakı mənbələrin verdiyi məlumata görə, o, ehtiyatda olan əsgərlərin yorğunluğunu və ordunun milyonlarla fələstinlini idarə etməsinin mümkün olmadığını bildirib.

Ordu rəhbərliyi atəşkəsin daha məqsədəuyğun olduğunu düşünür. General Zamir bildirib ki, fikir ayrılığı ordu mədəniyyətinin bir hissəsidir və komandirlər bu fikirləri açıq şəkildə ifadə etməlidirlər.

Ordu rəsmilərinin məlumatına görə, Qəzzanın tam hərbi nəzarət altına alınması bir neçə ay çəkə bilər. Lakin bölgədə İordan çayının qərb sahilindəki kimi bir idarəetmə sistemi qurulması beş ilədək davam edən müntəzəm döyüşlər tələb edə bilər.

Baş nazirin ofisi bəyan edib ki, Təhlükəsizlik Kabinetinin qəbul etdiyi istənilən qərarı ordu icra edəcək.

Hazırda Qəzzadakı iki milyon fələstinli, o cümlədən evlərindən didərgin düşənlər əsasən İsrail ordusunun nəzarət etmədiyi ərazilərdə – çadırlarda, müvəqqəti sığınacaqlarda və yararsız mənzillərdə yaşayır.

İsrail müxalifəti və Qəzzada girov saxlanılan israillilərin ailələri hərbi əməliyyatların genişləndirilməsinə qarşı çıxır. Müxalifət lideri Yair Lapid bildirib: “Qəzzanı ələ keçirmək nə hərbi, nə əxlaqi, nə də iqtisadi baxımdan düzgün qərardır”.

Ailələr isə əlavə hərbi müdaxilənin girovların həyatını riskə ata biləcəyini bildirir. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı təxminən 250 nəfər girov götürülüb. Onlardan 30-dan çoxu girovluqda öldürülüb. Hazırda İsrail rəsmilərinin bildirdiyinə görə, Qəzzada 20-yə yaxın girov sağdır, 30-nun isə meyiti saxlanılır.

Seçilən
35
moderator.az

1Mənbələr