AZ

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

Əliyev və Paşinyanın Vaşinqtonda Trampın təşəbbüsü ilə keçiriləcək görüşünün əsas açarı “sülh sazişi ilə bağlı hansı addım atılacaq” sualıdır. Bu, təkcə Bakı-İrəvan xəttində hadisələrin inkişafını yox, bütövlükdə Cənubi Qafqazdakı güc balansını müəyyənləşdirəcək.

Tərəflər arasındakı ziddiyyətlər, xüsusilə Ermənistan konstitusiyasının dəyişdirilməsinin açıq qalması fonunda yekun sülh sazişinin imzalanması mümkün görünmür. Lakin Vaşinqtonda sülhlə bağlı sənədin imzalanması ehtimalı böyükdür.

- Trampın “qlobal sülh” iddiaları Ağ Evin “nəticə” əldə etmək üçün bütün səylərini ortaya qoyacağı deməkdir;

- Liderlərin görüşü o deməkdir ki, detallar daha öncə müzakirə edilib və müəyyən razılaşmalar var.

Bu razılaşmaların nədən ibarət olduğuna dair müəyyən informasiyalar da sızır, hərçənd, masada mövcud sənədlərlə bağlı yalnız təxminlər irəli sürmək mümkündür.

Birincisi, sülh sazişinin paraflanmasıdır: tərəflərin daha əvvəl səsləndirdiyi bəyanatlar Vaşinqtonda belə bir qərarın olacağı gözləntisini artırır;

İkincisi, sülh sazişinə dair “niyyət protokolu”nun imzalanmasıdır (“yol xəritəsi”dən də bəhs olunur): məqsəd tərəflərin sülhə sadiqliyini təsdiq etməkdir və “nəticə” əldə etmək baxımından Tramp bu sənəddə israr edə bilər.

Lakin nəticənin əldə edilməsində və mümkün razılaşmaların praktiki müstəvidə işləməsində həlledici faktorlar kənara atılmamalıdır.

1. Minsk Qrupunun buraxılması;

2. Ermənistan konstitusiyasının dəyişdirilməsi.

Birinci məsələnin həlli – Minsk Qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciətin edilməsi üzərində razılaşma mümkün görünür. Əbu-Dabi görüşündən sonra da belə bir müraciətin yaxın dövrdə edilə biləcəyi haqda yazmışdıq. Hərçənd, bu müraciətin məhz Vaşinqtonda edilməsinin çətinlikləri də mövcuddur: Minsk Qrupunun digər üzvləri – Fransa və Rusiya ABŞ-ın inhisarçılığına əsaslanaraq, məsələnin praktiki icrasına maneələe yarada bilər (ATƏT-də qərarların yekdilliklə qəbul edilməsi nəzərə alınmalı amildir); istisna deyil ki, tərəflər Vaşinqtonda Minsk Qrupunun buraxılması müraciətinin edilməsi ilə bağlı şifahi razılaşma əldə etsin, daha sonra ikitərəfli formatda müraciət qəbul edilsin və razılaşmanın icrası ABŞ-ın qeyri-rəsmi nəzarəti ilə həyata keçirilsin.

İkinci məsələnin – Ermənistan konstitusiyasının dəyişdirilməsinin Vaşinqtonda həlli siyasi/texniki baxımından mümkün deyil, hərçənd, məsələ müzakirə edilə bilər, daha dəqiq desək, rəsmi Bakı bununla bağlı mövqeyini yenidən ifadə edəcək və yekun sülh sazişinin bu şərtlər çərçivəsində mümkün ola biləcəyini çatdıracaq. Bu məsələ mövcud şərtlərdə sülh sazişinin paraflanması və sazişlə bağlı “niyyət protokolu”/çərçivə anlaşması kimi sənədin imzalanmasına maneə deyil. Bu baxımdan, Trampın Cənubi Qafqazın taleyini dəyişdirəcək “Vaşinqton prosesi”nə nail olmaq imkanları var.

Zəngəzur dəhlizi – regional kommunikasiyanın açılması: Vaşinqton görüşünün ən mühüm nöqtələrindən biri (birincisi) bu məsələ üzərindədir. “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlanan ABŞ planı mövcud şərtlərdə hər iki tərəfin mövqeyinə yaxın görünür:

- Ermənistan Rusiyanın iştirakı olmadan “suverenlik” hüququnu müəyyən qədər qorumaqla yolu açır və Paşinyanın imza atdığı “dəhliz” kabusundan xilas olur;

- Azərbaycan Naxçıvana maneəsiz keçid əldə etməklə faktiki dəhliz əldə edir;

Hərçənd, TRİPP planının detallarının konkret nədən ibarət olduğu hələ də məlum deyil:

- ABŞ-ın Zəngəzurda “100 illik icarə haqqı” ilə mövcudluğuna razılıq veriləcəkmi?

- Ermənistanın istədiyi “suverenlik prinsipi”nin hüdudları nə qədər olacaq?

- Azərbaycanın Naxçıvana maneəsiz keçidinə hansısa məhdudiyyətlər qoyulacaqmı?

Bunlar açıq qalan suallardır, yalnız üçüncü sualda – Naxçıvana məhdudiyyətsiz keçiddə Bakının prinsipial mövqeyindən geri çəkilməyəcəyi məlumdur. Əliyev də Xankəndidəki çıxışında mövqeyini bir daha qətiləşdirdi.

TRİPP planının mürəkkəbliyini nəzərə alsaq, bununla bağlı razılaşmanın bir görüşdə həll edilməsinin çətinliyi də ortaya çıxır. Mümkündür ki, Vaşinqtonda Bakı və İrəvan sülhə bağlı ilkin sənədə (sazişin paraflanması daha real görünür) imza atsın, Zəngəzur dəhlizi məsələsi – ABŞ variantı yekun bəyanatda öz əksini tapsın, məsələnin texniki tərəfləri və icra prosesi isə sonrakı təmaslara saxlanılsın.

Vaşinqton görüşü ümumilikdə Bakı-İrəvan münasibətlərinin bərpasında tarixi rol oynaya bilər, hərçənd, regionda kəskin qarşıdurmaya zəmin yarada biləcəyi də aydın görünür.

Seçilən
55
1
axar.az

10Mənbələr