AZ

“Araz-Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

Bakı, 7 avqust, AZƏRTAC

Rəqib bu gün daha üstün oyun nümayiş etdirdi. Qarşıdakı matçda daha yaxşı performans göstərməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Çarlz Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” komandasına 0:4 hesabı ilə məğlub olduqları ilk görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, bu cür səviyyəli komandaya qalib gəlməyin asan olmadığını deyib: “Bu, futboldur. Bəzən qazanırsan, bəzən uduzursan. Ola bilər ki, meydanda istədiyimiz qədər aqressiv və dinamik deyildik. Belə səviyyəli komandaya qarşı qalib gəlmək asan deyil. Amma mən komandama inanıram və əminəm ki, cavab oyununda daha yaxşı nəticə göstərəcəyik. 4:0 hesabı ağır görünə bilər, amma inamımızı itirmirik. Futbolda hər nəticə mümkündür. Kiprə qalibiyyət üçün yollanacağıq və əlimizdən gələni edəcəyik”.

Futbolçu 25-ci dəqiqədə əvəzlənməsinə də münasibət bildirib: “Oyunun gedişində baldırımda narahatlıq hiss etdim və buna görə də erkən əvəzlənməli oldum. Sabah tibbi müayinədən sonra dəqiq biləcəyik, amma düşünürəm ki, ciddi bir zədə deyil. Ümid edirəm ki, növbəti matçda komandama kömək edə biləcəyəm”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Kiprdə təşkil olunacaq.

Seçilən
29
1
azertag.az

2Mənbələr