AZ

ChatGPT neyron şəbəkənin yeni versiyasını təqdim etdi

Yeni model daha ağıllı, daha dəqiq və daha az “halüsinasiyaya” meyllidir

Amerikalı texnologiya nəhəngi OpenAI növbəti nəsil süni intellekt modeli olan GPT-5-i rəsmi olaraq təqdim edib. Şirkət bu yeniliyi süni intellekt sahəsində “əhəmiyyətli sıçrayış” kimi xarakterizə edib. Təşkil olunmuş təqdimat tədbiri OpenAI-nin rəsmi saytında canlı yayımla izlənilib.

Şirkətin paylaşdığı məlumatda vurğulanır ki, GPT‑5 əvvəlki modellərlə müqayisədə proqramlaşdırma, riyaziyyat, yazı, səhiyyə və vizual qavrayış kimi sahələrdə yüksək performans nümayiş etdirir. Model, həmçinin çoxşaxəli əməkdaşlıq imkanları, mətn yazılışında detallılıq və tibbi suallara daha doğru cavablar vermək qabiliyyəti ilə fərqlənir. Ən önəmli yeniliklərdən biri isə “halüsinasiya” adlanan uydurma cavabların azalmasıdır, bu isə modelin daha etibarlı və real kontekstə yaxın olması deməkdir.

OpenAI nümayəndələri bildiriblər ki, yeni model istifadəçilərə proqram təminatları üzərində birgə işləmə, təhlil aparma, kreativ mətn yazma və mürəkkəb vizual məlumatların emalı sahələrində daha güclü alətlər təqdim edir. GPT‑5-in həm fərdi istifadəçilər, həm də korporativ müştərilər üçün əlçatan olması planlaşdırılır.

Bundan başqa, OpenAI-nin GPT‑5 modeli yalnız texnoloji inkişafın deyil, həm də cəmiyyətin süni intellektlə bağlı gözləntilərinin artdığını göstərir. Yeni modelin tətbiqi həm iqtisadiyyat, həm də elm və təhsil sahələrində sürətli transformasiyaya təkan verə bilər.

S.ELAY

XQ

Seçilən
59
xalqqazeti.az

1Mənbələr