AZ

Çin və Hindistan ABŞ-a meydan oxuyur – Rusiya ilə yeni güc mərkəzi qurulur

  Çindən sonra Hindistan da ABŞ Prezidenti Donald Trampın təhdidlərinə gözlənilməz cavab verib. Bu ölkənin Sənaye və Ticarət Nazirliyi Rusiya ilə gübrə, dəmir yolu və dağ-mədən texnologiyaları sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair Protokol imzalandığını açıqlayıb. Maraqlıdır ki, bu protokol Trampın Rusiya neftinin idxalına görə Hindistana qarşı 25 faizlik gömrük rüsumu tətbiq etməsindən dərhal sonra imzalanıb.

Dehli və Pekinin Vaşinqtonu qarşılarına alaraq Moskvanın yanında dayanmalarının səbəbi nədir? Bu qərar hər iki ölkənin iqtisadiyyatı və ümumilikdə onların məhsullarının ixrac edildiyi ölkələrin ticarət dövriyyəsinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hindistan əvvəlcə ABŞ və Avropa İttifaqının tətbiq edə biləcəyi sanksiyalardan ehtiyat edərək Rusiyadan neft idxalını dayandırdı:

“Halbuki ölkənin böyük neft emalı zavodları var və bu müəssisələr Rusiyadan tələbatdan artıq miqdarda xam neft idxal edərək onu emal edib qonşu ölkələrə məhsul kimi satırdı. Bu fəaliyyət Hindistan iqtisadiyyatına ciddi gəlir gətirirdi.


Lakin Tramp Rusiyadan məhsul idxal edən ölkələrə qarşı sanksiya təhdidləri səsləndirdikdən sonra Hindistan rəsmi olaraq neft idxalını dayandırdığını açıqladı. Buna baxmayaraq, kölgə donanması vasitəsilə rus neftinin Hindistana daşındığına dair məlumatlar yayılırdı. Nəticədə ABŞ Hindistandan gələn mallara 25 faizlik tarif tətbiq etdi. Bu qərar Hindistan məhsullarının ABŞ-a ixracını ciddi şəkildə məhdudlaşdırdı”.

İqtisadçı qeyd edib ki, baş verənlərdən sonra Dehli Pekin və Moskva ilə əməkdaşlıq müqavilələri imzaladığını bəyan edib:

“Hazırda Rusiyadan neft idxalını Hindistan rəsmi şəkildə davam etdirir. ABŞ-ın geosiyasi proseslərdən tez çəkilməsi digər ölkələrin qruplaşmasına səbəb olub. İran, Hindistan, Rusiya və Çin uzun müddətdir ki, ABŞ və Avropa İttifaqına qarşı alternativ güc mərkəzi kimi çıxış edirlər. Bu baxımdan Hindistanın mövqeyini dəyişməsi gözlənilən idi. Hesab edirəm ki, bu qarşıdurma dünyadakı mövcud parçalanmanı daha da dərinləşdirəcək. Ən böyük iqtisadi zərbəni isə Çin görəcək, çünki o, ABŞ bazarına geniş məhsul ixrac edir. 25 faizlik tarif və digər məhdudiyyətlər Asiya ölkəsinin Vaşinqton bazarındakı mövqeyini itirməsinə səbəb ola bilər ki, bu da Çin iqtisadiyyatı üçün ciddi itki deməkdir. Rusiya və Hindistana olan təsirlərin isə daha zəif olacağı gözlənilir”.  

Seçilən
24
referans.az

1Mənbələr