BAKI, 8 avqust. TELEQRAF
Vaşinqtonda Azərbaycan və ABŞ arasında yüksək səviyyəli görüş çərçivəsində anlaşma memorandumunun imzalanacağı gözlənilir. Sənədin əsas istiqamətlərinin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitliyin gücləndirilməsi olacağı bildirilir.
Teleqraf mənbələrə əsasən xəbər verir ki, tərəflər Ermənistanla sülh prosesi, Cənubi Qafqazda davamlı təhlükəsizlik mühiti, eləcə də enerji sahəsində birgə layihələr üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Memorandum hüquqi baxımdan öhdəlik xarakteri daşımır, lakin gələcək müqavilələrə zəmin yaradan siyasi sənəd kimi dəyərləndirilir.
Ekspertlər bu addımı Azərbaycanın Qərblə münasibətlərində yeni mərhələ kimi qiymətləndirir və hesab edirlər ki, bu cür razılaşmalar ölkənin beynəlxalq manevr imkanlarını artırır. ABŞ isə bu yolla həm Cənubi Qafqazda təsirini möhkəmləndirmək, həm də Avropanın enerji təchizatında Azərbaycanın rolunu gücləndirmək niyyətindədir.
Hazırda rəsmi təsdiq gözlənilsə də, Azərbaycan Prezidentinin bu səfəri və imzalanması ehtimal olunan memorandum region üçün mühüm diplomatik hadisə sayıla bilər.