AZ

Yüz yaşını keçən insanların qan analizləri yeni ipuçları verir - ARAŞDIRMA

Bakı, 8 avqust, AZƏRTAC

Karolinska İnstitutu alimləri tərəfindən aparılan yeni tədqiqat nəticəsində 90 və daha yuxarı yaşlarda yaşayan insanların qan biomarkerlərindəki fərqlər müstəsna uzunömürlülük üçün potensial göstəricilər kimi müəyyən edilib.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, bir zamanlar nadir hallarda rast gəlinən 100 yaşlı insanlar (yüzilliklər) bu gün dünya əhalisinin ən sürətlə artan demoqrafik qruplarından birini təşkil edir. Onların sayı 1970-ci illərdən bu yana hər onillikdə iki dəfə artıb. Bu fenomen elmi ictimaiyyətdə “uzun və sağlam ömür” sualına cavab axtarışını daha da aktuallaşdırıb.

Karolinska İnstitutunun epidemioloqu Karin Modiq və tədqiqat qrupu tərəfindən “GeroScience” jurnalında dərc olunan yeni araşdırmada İsveçdə 44 min nəfər yaşlı insanın (64-99 yaş arası) biomarker məlumatları təhlil edilib. Bu məlumatlar 35 illik müddətdə izlənib və iştirakçıların 1224-ü (2,7 faizi) 100 yaşa çatıb. Bu yüzilliklərin 85 faizi qadın olub.

Tədqiqat müstəsna uzunömürlülüklə əlaqəli qan biomarkerlərini araşdırmaqla 100 yaşa çatanlarla çatmayanlar arasında fərqləri müəyyən etməyə yönəlib. İltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyaları, qidalanma və anemiya ilə əlaqəli 12 biomarker təhlil olunub. Bunlara sidik turşusu, ümumi xolesterin, qlükoza, kreatinin, dəmir, TİBC, albumin və qaraciyər fermentləri (Ələt, Asat, GGT, Alp, LDH) daxildir. Tapıntılara əsasən, yüzilliklərin qlükoza, kreatinin və sidik turşusu səviyyələri ümumilikdə daha aşağı olub. Yüzilliklər nadir hallarda biomarkerlərin ekstremal, çox yüksək və ya çox aşağı səviyyələrinə malik olublar. Ən aşağı ümumi xolesterin və dəmir səviyyəsinə sahib olanlar arasında 100 yaşa çatma ehtimalı daha yüksək olub. Ələt və albumin istisna olmaqla, digər 10 biomarker yüzillik olmaq ehtimalı ilə statistik olaraq əlaqəli olub.

Sidik turşusu kimi biomarker üzrə fərq 2,5 faiz bəndi ilə daha nəzərəçarpacaq olub. Ən aşağı səviyyədə sidik turşusu olanların 100 yaşa çatma ehtimalı 4 faiz olduğu halda, ən yüksək səviyyədə olanlarda bu göstərici cəmi 1,5 faiz təşkil edib.

Araşdırma bəzi biomarkerlərin səviyyələrinin uzunömürlülük ilə zəif də olsa əhəmiyyətli əlaqəyə malik olduğunu göstərir. Bu fərqlərin insanların 60 yaşlarında ölçüldüyünü nəzərə alsaq, həmin biomarkerlər uzun müddət əvvəl proqnostik göstəricilər kimi istifadə oluna bilər. Lakin tədqiqat biomarker dəyişikliklərinə hansı həyat tərzi amillərinin və ya genetik faktorların səbəb olduğunu müəyyən etmir. Bununla belə, qidalanma və spirt qəbulu kimi həyat tərzi faktorlarının bu fərqlərə təsir göstərməsi ehtimal olunur. Müəlliflər böyrək və qaraciyər funksiyalarının, habelə qlükoza və sidik turşusu səviyyələrinin yaşlandıqca izlənməsini tövsiyə edirlər. Nəticə olaraq, bu tədqiqat metabolik sağlamlıq, qan dəyərləri və müstəsna uzunömürlülük arasında əlaqənin daha dərindən anlaşılması istiqamətində mühüm addım hesab olunur.

Seçilən
8
azertag.az

1Mənbələr