Suriyanın Sveyda şəhərindəki druz icmasının rəhbərləri şəhərin idarəçiliyini ələ keçirmək üçün hakim və hüquqşünaslardan ibarət Ali Hüquq Komitəsi yaradıb.
APA xəbər verir ki, komitə inzibati, təhlükəsizlik və xidmət sahələrinə nəzarət edən müvəqqəti icraçı ofis və yeni təhlükəsizlik qüvvələri rəhbərliyi təyin edib.
Bu addım druzlarla Dəməşq hökuməti arasında son vaxtlar artan toqquşmalardan sonra atılıb.
Məlumata görə komitə Sveydada inzibati, təhlükəsizlik və xidmət sektorlarına nəzarət edəcək, korrupsiya ilə mübarizə aparacaq, dövlət və özəl mülkiyyəti qoruyacaq.
İlkin olaraq müvəqqəti icra aparatı yaradılacaq və Daxili Təhlükəsizlik Qüvvələrinə yeni rəhbərlik təyin olunacaq.
Suriya hökumətindən məsələ ilə bağlı hələ ki, heç bir açıqlama verilməyib.