Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ziyad Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 15 iyul 2025-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Ziyad Babayev avtomobilin içərisində sevgilisi, zərərçəkmiş Zəminə Əlizadə (adı, soyadı şərtidir) ilə qadının ondan ayrılmaq istəməsi səbəbindən mübahisə edib. Bu zaman o, qəsdən əli ilə zərərçəkmiş şəxsin qol və kürək nahiyələrindən bir neçə dəfə vuraraq onun sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra Ziyad Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.
Kamal Məmmədov