AZ

Salyanın 25 məzunu qəbul imtahanlarında 600 baldan yuxarı nəticə qazanıb

Salyanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla və respublika fənn olimpiadalarının qalibləri ilə görüş keçirilib.  Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları və olimpiada qaliblərini təbrik edib, onlara yeni uğurlar arzulayıb. 

Bunun böyük nailiyyət olduğunu qeyd edən R.Xəlilov bu işdə əməyi olan müəllimlərə minnətdarlıq edib, tələbə gənclərə ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr verməyi arzulayıb. RİH başçısı dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq bu sahədə görülən işlərdən, qarşıya qoyulan məqsədlərdən, həyata keçirilən ardıcıl və davamlı tədbirlərdən, ölkəmizdə, o cümlədən Salyanda son illər elmin və təhsilin inkişafında qazanılan uğurlardan danışıb, dövlətin gənclərə göstərilən diqqət və qayğısına onların mükəmməl təhsilləri, yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərinə əmin olduğunu bildirib.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev də çıxışında gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən danışıb, regionda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, bu il qəbul imtahanlarında Salyanın 25 məzunu 600 baldan yüksək nəticə göstərib. “Məzunlardan 51 nəfər fərqlənmə, 2 nəfər isə xüsusi nümunəli attestat (1 qızıl, 1 gümüş nişan) alıblar.  Respublika fənn olimpiadalarının qalibləri Abel Fərəcov və Cabir Bağırlı qızıl, Əkbər Qəniyev, Mətin Bahadırlı və Pəri Bağırova  gümüş medala layiq görülüblər”, – deyə R.Musayev məlumat verib.

Sonda fərqlənən məzunlara qiymətli hədiyyələr təqdim edilib. 

Seyran CAVADOV,

 “Azərbaycan”

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr