Həyatı dərk etdiyimiz ilk günlərdən qoynunda dünyaya göz açdığımız yurdun, el-obanın gözəlliyinə vurulur, saf ürəklə, xoş niyyətlə, həssas və incə tellərlə ona könül bağlayırıq. Bizi əhatə edən gözəlliklər qoynunda yaşayıb böyüdükcə, yaşa dolduqca ürəyimizin dərinliklərindəki Vətən sevgisi daha da gurlaşıb artır.
Bizi içində yaşadan zaman heç kimə, heç nəyə məhəl qoymadan, tabe olmadan dünyaya meydan oxuya-oxuya öz axarı ilə ötdükcə, illər üst-üstə qalandıqca, ömür karvanı irəli dartındıqca bu sevgi, bu istək qol-budaq atıb şaxələnir, sarmaşıq kimi ürəyimizə sarılır. Zərrə-zərrə qəlbimizə, ruhumuza hopan Vətən sevgisi zaman-zaman qəhrəmanlıq nəğməsinə çevrilərək daim bizi yurdun müdafiəsinə, qəhrəmanlığa, igidliyə səsləyir.
Ömrümüz özümüz də hiss etmədən yavaş-yavaş ötüb arxada qaldıqca, yaşa dolduqca, nə zamansa insanın gücü tükənə bilər. Amma Vətən sevgisi heç vaxt azalmaz, ömrünün sonunadək yol yoldaşı olar. Özümüzdən asılı olmadan torpağa, yurda bağlanmağımızda, ona sevgi bəsləməyimizdə heç bir qüvvənin qarşısını ala bilməyəcəyi təbii bir qanunauyğunluq var. Axı insan Vətənin oğludur, torpağın yetirməsidir, Yer kürəsinin sakinidir, bəşəriyyətin övladıdır. Məhz elə buna görə də qoynunda dünyaya göz açdığı Vətəni sevir, yurda ürəkdən bağlanır. Bu bağ heç vaxt üzülmür, qırılmır. Canında can, damarında qan qalana qədər üstündə böyüdüyü torpağı sevir, onu göz bəbəyi kimi qorumağı özünə ən müqəddəs və şərəfli borc bilir. Bu borcu ləyaqətlə, sədaqətlə yerinə yetirir, tutduğu müqəddəs yoldan heç vaxt dönmür. Öləndə də son nəfəsində müdafiəsinə qalxdığı torpağın qoynuna atılır, onu möhkəm-möhkəm qucaqlayıb bağrına basaraq son nəfəsini çəkib canını tapşırır. Yavaş-yavaş torpağa qarışır. Torpağa qarışır ki, Vətən bir ovuc da böyüsün. Başdan-ayağa təbiət şairi olan Musa Yaqub Vətənə olan sevgi və istəyini çox ürəyəyatan gözəl misralarla ipə-sapa düzüb:
Bəlkə də borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki mən,
Çürüyüm bir ovuc torpağın artsın.
Peşəsindən, kimliyindən və yaşından asılı olmayaraq, hamımız üçün Vətən hər şeydən uca, müqəddəs və qiymətlidir. Heç nə ilə əvəz olunmayan dəyərli, əlçatmayan bir nemətdir. Qoynunda doğulub yaşadıqca ona istəyimiz və məhəbbətimiz daha da artıb Vətən sevgisinə çevrilir. Vətən sevgisinin cazibəsi hər addımda ahənrüba kimi bizi özünə çəkir. Çünki olduqca qüvvətli və qüdrətlidir. Bu cazibə daim bizi səngərlərə - yurdumuza keşik çəkməyə aparır.
Yurdumuzun keşiyində həmişə ayıq-sayıq dayanaraq onu göz bəbəyimiz kimi qoruyuruq. Əldə silah vətəni qoruduqca, torpağın xoş ətrini sinəsinə çəkdikcə fikirləşirik ki, üstündə qürurla, vüqarla addımladığımız, yaşadığımız bu Vətən asanlıqla Vətən olmayıb. Onu bizə əmanət etmiş babalarımız zaman-zaman torpaq uğrunda qılınc oynatmış, ox atmış, düşmən üzərinə güllələr yağdırmış, cəng meydanlarında böyük cəsarətlə vuruşaraq Zəfər çalmışlar, yadelliləri məğlub etmişlər. Bu yolda qanlarını tökmüş, canlarını qoymuşlar. Səngərlərində sonadək qətiyyətlə dayanmış, qəhrəmanlıq göstərərək Vətəni qorumuşlar, sarsılmaz dövlət qurmuşlar, onu qəsbkarlardan müdafiə edərək gələcək nəsillərə ötürmüşlər.
Gərək biz də babalarımızın əmanətini düşmənlərdən göz-bəbəyimiz kimi qoruyaq, həmişə var edək ki, gələcək nəsillər yurdsuz, vətənsiz qalmasın. Qoy Yer üzünün bu gözəl guşəsində vətənimiz daim olsun, əbədi yaşasın! Vətənimizin əbədiliyi naminə həmişə savaşa, mübarizəyə, Zəfər çalmağa hazır olaq.
Vətəni qorumaq şərəfli və əvəzsiz bir borcdur. Hamımız bu borcu sədaqətlə və ləyaqətlə yerinə yetirməliyik.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"